Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq rəssamı Mir Nadir Zeynalov martın 10-da vəfat edib.
Bu barədə Dövlət Rəsm Qalereyasından bildirilib.
Qeyd edək ki, Mir Nadir Zeynalov 1942-ci il noyabrın 12-də Bakının Buzovna kəndində anadan olub. O, 1963-сü ildə ilk təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, daha sonra isə 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsində alıb.
Mir Nadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, Azərbaycan Rəssamlar İttifaqının və "Yeni Era" Ümumdünya Sənət Akademiyasının həqiqi üzvüdür.
Rəssam 1976-cı ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomunu alıb. Rəssamın 1985-1987-ci illərdə Hindistana həsr olunmuş iki fərdi sərgisi təşkil olunub. O, Hindistanda yaradıcılıq ezamiyyətində olarkən “Çay kənarı”, "Hind məbədi", "Hind həyət" və s. mənzərələrini yaradıb.
O, SSRİ İncəsənət Akademiyasının çoxlu sayda diplomları və medalları ilə təltif edilib. Rəssam 1989-cu ildə Bakıda keçirilən "Xəzəryanı ölkələri rəssamlarının bienallesi"ndə "Yaz bağı" əsəri bürünc medala layiq görülüb, "Təsviri sənətdə Nar obrazı" beynəlxalq müsabiqəsinin qalibi seçilib.
Rəssamın əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Federasiyası Mədəniyyət Nazirliyində, Rusiyanın Bədii Fondunda, həmçinin onlarla şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına çıxarılıb. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anсeles və bir çox başqa şəhərlərdə nümayiş edilib.