Bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib.
O qeyd edib ki, BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru olan 59 yaşlı Nailə Mirməmmədli bu gün vəfat edib. Bəstəkarın ölüm səbəbi hələ ki, məlum deyil.
Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb. O, 1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Təhsilini davam etdirmək məqsədi ilə Nailə Mirməmmədli 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində Bəstəkarlıq ixtisasları üzrə təhsil alıb. 1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışıb.
2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət Yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.
Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıidi. İki oğlu, bir qızı var.