Xəzər Xəbər

UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb

Mədəniyyət | 18:29 • 14 Dekabr 2020
UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası öz işinə başlayıb

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə 2003-cü il Konvensiyası əsasında fəaliyyət göstərən Hökumətlərarası Komitənin 15-ci iclası bu gün öz işinə başlayıb. İclası giriş sözü ilə UNESCO-nun Baş direktoru Odre Azule və 15-ci komitənin sədri, Yamaykanın mədəniyyət, gender, əyləncə və idman naziri Oliviya Qranqe açaraq iştirakçılara uğurlar arzulayıblar.


Qlobal pandemiya şəraiti ilə əlaqədar ilk dəfədir ki, virtual formatda baş tutan Komitənin sessiyası dekabrın 19-dək davam edəcək.


Hazırda dünyanın 180 ölkəsinin qoşulduğu Qeyri-maddi mədəni irsin qorunması üzrə UNESCO-nun 2003-cü il Konvensiyasını Azərbaycan Respublikası 18 yanvar 2007-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın yerinə yetirilməsinə nəzarəti seçkilər vasitəsilə formalaşan və 24 üzv ölkədən ibarət Hökumətlərarası Komitə həyata keçirir. Qeyd edək ki, ölkəmiz 2018-2022-ci illər üçün bu komitəyə üzv seçilib. Hökumətlərarası Komitə gündəlikdə duran digər məsələlərlə yanaşı, həmçinin, "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə təqdim edilən nominasiyaları da müzakirə edir və yekun qərar verir.


Komitənin 15-ci iclasında ölkəmizi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, UNESCO yanında daimi nümayəndəliyimizin rəsmiləri Vasif Eyvazzadə və Ayaz Qocayev təmsil edirlər.


Mədəniyyət Nazilriyindən xezerxeber.az-a bildirilib ki, növbəti günlərdə iclasda "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilməsi üçün baxılacaq nominasiyalar arasında Azərbaycanın təqdim etdiyi "Nar Bayramı-ənənəvi nar bayramı və mədəniyyəti" nominasiya sənədi və ölkəmizin Türkiyə, İran və Özbəkistan ilə birgə təqdim etdiyi "Miniatür Sənəti" çoxmillətli nominasiya sənədinin müzakirəsi nəzərdə tutulur.


Ümumilikdə Komitənin 15-ci sessiyasında üzv ölkələrdən tərəfindən "Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısı”na daxil edilməsi məqsədilə 42 nominasiya faylı, "Təcili Qorunma Siyahısı”na daxil edilməsi üçün isə 4 nominasiya faylı təqdim edilib.


UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024