Xəzər Xəbər

“Qarabağda yüzlərlə epiqrafik məzar daşları qalıb” FOTO

Mədəniyyət | 11:55 • 18 Noyabr 2020
“Qarabağda yüzlərlə epiqrafik məzar daşları qalıb”

Orta əsrlər dövrü Azərbaycan tarixinin öyrənilməsində epiqrafik abidələrin mühüm yeri vardır. Xalq bir çox tarixi əhvalatları daş lövhələrə yazmaqla, abidələrin üzərində kitabələr həkk etməklə, bir sıra ictimai-iqtisadi problemlərə, mədəniyyət tarixinə aid çox zəngin və qiymətli salnamələr qoyub gediblər.

Bu barədə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə özünün məqaləsində qeyd edib.

Məqalədə qeyd olunub ki, bütün orta əsrlər boyu Şərq dünyasını Avropa ilə birləşdirən karvan ticarət yolları məhz Azərbaycandan keçirdi. O zaman bu yolların üzərində tikilmiş karvansaralar və ictimai-dini binalar zəmanəmizə qədər gəlib çatıb.

Onların üzərindəki epiqrafik yazılar memarlıq abidələrinin nə vaxt tikildiyini, bu və ya başqa tikinti komplekslərinin ölkənin ictimai-siyasi həyatında nə kimi rola malik olduğunu, karvan ticarət yollarının hansı dövrdə daha da qaynar həyat keçirdiyini araşdırmaqdan ötrü ən dəqiq informasiya verən ilk mənbə hesab edilir.

Bu sıradan Azərbaycanın ayrılmaz tarixi parçası olan Qarabağ və Zəngəzur diyarının epiqrafik abidələri vətən tariximizin öyrənilməsi üçün yüksək əhəmiyyətə malikdir. Qarabağda islam dövrü epiqrafik abidələri məhz məscid və türbələr üzərindəki kitabələrdə, məzar daşları üzərindəki epitafiyalarda əks olunur.

Sayı kifayət qədər olan və islam dövrü dini-ideoloji mərkəzləri hesab edilən bu tarixi abidələrin bir çoxunda tədqiqatlar aparılmaqla onların mümkün məqsədləri üzə çıxarılıb.

XX əsrin 60-70-ci illərində Azərbaycanın tanınmış epiqraf alimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Məşədixanım Nemətovanın Qarabağ və Zəngəzur mahalında apardığı epiqrafik elmi tədqiqatlar, regionun bir sıra tarixi məsələlərinin həllində müstəsna əhəmiyyətə malik olub.

Alimin, Qarabağ diyarında, Cəbrayıl rayonunun Şıxlar kəndindəki el arasında "Şıx Baba piri” adı ilə tanınan ziyarətgahda apardığı epiqrafik elmi araşdırmalarla aydın olmuşdur ki, türbənin içərisində böyük alim, əzəmətli şeyx, Şeyx Hüseynin oğlu Şeyx Əbdürrəhman dəfn edilib.

Bu pir, məhz elm adamlarını vaxtilə Avropa ölkələrini Yaxın Şərq ilə birləşdirən "Böyük İpək yolu” üzərində mövcud olmaqla intensiv həyat keçirmiş, mədəni-ideoloji, sosial-siyasi-iqtisadi mərkəzlərdən biri olan xanəgahda xalqımızın müqəddəs yer kimi qoruduğu tarixin izlərində elmin və mədəniyyətin sirlərini açmağa çağırır.

Şeyx Babanın məzar daşı üzərində farsca həkk edilmiş kitabədə deyilir:

"Bildim ki, mənim taleyim mənim təbiətimdir, o da çox üzü dönükdür”.

XIV əsrin əvvəllərinə aid bu türbənin ətrafında dövrün sayılıb-seçilən din xadimlərinin məzarları da vardır. Belə ki, ətrafdakı böyük qəbiristanlıqda XIV-XX əsrləri əhatə edən tarixi mərhələyə aid şeyx və şeyx övladlarının qəbir daşlarına rast gəlmək olur.

Çox təəssüf ki, bu orta əsr abidələrinin, demək olar ki, hamısı torpaq altında qalıb it-bat olub. Gələcəkdə Qarabağın orta əsr abidələrində kompleks arxeoloji tədqiqatlar aparılacağı zaman istisna deyildir ki, xeyli sayda epiqrafik abidələr də üzə çıxacaq və Azərbaycanın orta əsrlər dövrü tarixinin araşdırılması istiqamətində yeni imkanlar açacaq.

Azərbaycanın epiqrafik abidələrinə eyni zamanda tarixi Azərbaycan torpaqları olan Zəngəzur mahalında da rast gəlinir. Bu mahalın Çuxursəd vilayətindəki Cəfərabad kəndində tədqiq edilmiş səkkizbucaqlı türbə və onun kitabəsi maraq doğurur.

Məlumatlara əsasən, bu yerdə Çuxur Səd vilayətinin əmirlərinə məxsus bir neçə möhtəşəm türbə binası tikilmiş, lakin bu türbələrin kitabələri mənfur ermənilər tərəfindən qəsdən dağıdılıb.

Zamanında burada mövcud olan bir müsəlman qəbristanlığındakı tarixi abidələrdən də heç biri bu günümüzə qədər qalmayıb. Cəfərabad türbəsində vilayətin tanınmış iki əmiri olan Pir Hüseyn və onun atası Əmir Sədin adları həkk edilib.

Zəngəzur mahalının Urud kəndindəki orta əsr qəbiristanlığında qalmış qoç şəkilli, sənduqə formalı məzar daşları üzərində professor Məşədixanım Nemətovanın 1961-1963-cü illərdə apardığı elmi tədqiqatlar, alimin epiqrafika elmində, demək olar ki, 50 illik araşdırmalarının ən mühüm yeniliyi hesab edilir.

M.Nemətovanın Urud qəbristanlığındakı tədqiqatları nəticəsində daşlar üzərindəki ərəb qrafikasında həkk olunmuş kitabələrin, islam dini ilə əlaqədar duaların və qədim türkdilli tayfaların dini ayinləri ilə əlaqədar onqonların sirli qalan məqamları üzə çıxarılıb.

Alimin epiqrafika elmi sahəsindəki Urud kəşfləri xalqımıza qarşı torpaq iddiasında olan ermənilərə tutarlı cavab olmaqla Azərbaycanın tarixi ərazi bütövlüyünün müdafiə edilməsi prinsiplərini də əsaslandırıb və beləliklə, Cənubi Qafqazda yeni tarixi konsepsiyasının əsasını qoyub.

Zəngəzurun Urud qəbristanlığındakı miladi 1478-ci il tarixli bir məzar daşında ərəbcə "Allah, Məhəmməd, Əli, min evladi ağvan” ("ağvan” alban deməkdir M.N.) sözlərinin həkk edilməsi və bu tip kitabələrin XVII əsr sənduqələrində də təkrarlanması bu abidələrin Azərbaycan tarixşünaslıq elmində mühüm əhəmiyyətə malik olduğunu ortaya çıxarır.

1926-cı ildə elmə məlum olan Urud abidələrinin geniş tədqiqi ilə sübut olunubki, bu məzar daşlarındakı epitafiyalar və təsvirlər vaxtilə Qafqaz Albaniyası ərazisi olan Sünikdə yaşamış ağvanların (albanların) müsəlmanlığı qəbul etməsinə dəlalət edir.

Urud kitabələri üzərindəki epitafiyalar təhlil ediləndən sonra məlum olub ki, alban tayfaları islam gələndə müsəlmanlığı qəbul edərək bugünkü Azərbaycan xalqının təşəkkül tapmasında iştirak ediblər.

Bir dəfə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda alimlərlə birgə keçirilmiş iclasların birində professor M.Nemətova çıxış edərək Zəngəzurun Urud abidələri və bu qəbiristanlığın ermənilər tərəfindən vəhşicəsinə qəsdən dağıdılması haqqında həqiqətləri ölkə rəhbərinin diqqətinə çatdırılıb.

M.Nemətova qeyd edib ki, Urud qəbiristanlığı tarixin böyük bir məsələsinin üstünü açıb. Belə ki, bütün tarixçilər islamın Qafqaza gəlişinə qədər xaçpərəst olan alban tayfalarının erməniləşməsi və gürcüləşməsi haqqında yazırdılar. Akademik Ziya Bünyadov "Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində yazır ki, "...necə oldu Zəngəzur mahalında yaşayan tayfalar qriqoryan xaçını qəbul edib erməniləşdilər, gürcü xaçını qəbul edib gürcüləşdilər.

Bəs bunların türkləşəni, islamı qəbul edəni olmadımı?!” Urud məzarlarının tədqiqi də tarixin bu qaranlıq qalan səhifəsini üzə çıxardı. Məhz burada oğuz türk tayfalarına aid daşlar üzərindəki təsvirlər araşdırılmaqla bu suala cavab tapılmış oldu.

1990-cı ildə M.Nemətova erməni alimləri Akopyanı, Papazyanı, Arakelyanı, Xaçaturyanı susdurub, onların Urud qəbirlərinin ermənilərə aid olması haqqındakı iddiasının saxta olduğunu sübut edib.

Erməni alimi Akopyan sonralar M.Nemətovaya qarşı iddialarla çıxış etməyə başlayıbvə deyib ki, "...xeyr, siz səhv edirsiniz, Əmir Teymur Orta Asiyadan gələndə bu tayfalara zorla islamı qəbul etdirib. Burada xəttatın səhvi var, xəttat savadsız olub və Məşədixanım da səhv oxuyub”.

Daha sonra ermənilər traktorlarla qəbiristanlığı məhv etməyə başlayıblar. M.Nemətova Papazyana cavab məktubu yazaraq deyib ki, "...əgər Urud qəbiristanlığı erməni abidəsi idisə bəs nəyə görə o, qəbiristanlığı dağıtdınız, məhv etdiniz, viran qoydunuz?! Əgər siz o məzar daşlarının ermənilərə aid olduğunu sübut edə bilsəydiniz bu gün də onu şüşənin içinə salıb əldən-ələ bütün dünyanı gəzdirərdiniz ki, baxın bu bizim tariximizdir. Çünki sübut edə bilmədiniz! Xəttat düz yazmışdı, Məşədixanım da düz oxumuşdu!”

Bütün bu qeyd olunanlar əlbəttə ki, Azərbaycanın tarixi, əzəli torpaqlarının epiqrafik abidələri haqqında yazılan az bir qismidir. Qarabağda və onun ətrafında yüzlərlə epiqrafik məzar daşları və onlar üzərindəki epitafiyalar öz varlığını qoruyub saxlamaqdadır.

Qüdrətli Azərbaycan dövləti və onun şanlı ordusunun tarixi qələbələri ilə düşmən işğalından azad olunmuş o müqəddəs torpaqlarımızda yaxın gələcəkdə epiqrafik abidələr yenidən qeydə alınacaq və bu abidələrdə geniş miqyaslı elmi tədqiqatlar aparılacaq./oxu.az

Xəbər lenti

Çox oxunanlar