"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Azərbaycan mədəniyyətinin Vikipediyada təbliğinin təşkil edilməsi" layihəsi çərçivəsində muzey əməkdaşları üçün Vikipediya təlimləri keçirib.
22-23 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan təlimlərdə iştirakçılara Vikipediyanın tarix, mədəniyyət və incəsənətin təbliğindəki rolu, mediafaylların Vikipediyaya yüklənməsi və onların məqalələrdə istifadəsinə dair məlumatlar verilib. Təlimlərdə 5 nəfərlik qruplar şəklində olmaqla, ümumilikdə 15 nəfərin iştirakı nəzərdə tutulub.
"Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyindən "XəzərXəbər"ə verilən məlumata görə, qeyd edilən layihənin əsas məqsədi Vikipediyanın potensialını Azərbaycanın mədəni irsinin və incəsənətinin təbliğinə yönəltməkdir. Layihə çərçivəsində təlimlərdən əlavə Vikipediya və digər əlaqəli vikilayihələr üçün ortaq fayl anbarı olan Vikianbara muzey, qalereya və kitabxana müəssisələrindəki ensiklopedik əhəmiyyətə malik eksponatların, rəsmlərin, fotoşəkillərin, sənədlərin və nəşrlərin surətlərindən ibarət 100 ədəd fotoşəkil yüklənmiş və onların çox hissəsi müvafiq məqalələrdə yerləşdirilib.
Həmin fotoşəkillər Azərbaycanın mədəniyyət və incəsənət tarixində iz buraxmış şəxslərə və hadisələrə həsr olunmuş və Bakı şəhərində fəaliyyət göstərən muzeylərdən əldə edilib.