Xəzər Xəbər

Belçika şirkəti “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf edib

Mədəniyyət | 17:14 • 8 Sentyabr 2020
Belçika şirkəti “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf edib

Belçikanın "Muziekpublique” şirkətinin direktoru Peter Van Rompaey və şirkətin koordinatoru Kenza İsmaili şirkət adından üzr istəyiblər.


Bu barədə xezerxeber.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.


Onlar "Houcher” musiqisinin ənənəvi (folklor nümunəsi) musiqi olmadığını bilmədiklərini, əks halda onun albomda istifadəsinə görə icazə istəməli olduqlarını etiraf edərək çox üzgün olduqlarını qeyd ediblər.


Şirkət Fikrət Əmirovun vərəsələrinin məyusluğunu tamamilə başa düşürək edilən səhvləri düzəltməyə hazır olduğunu da bildirib.


Bundan əlavə, məktubda "Karin” albomunun yenidən hazırlanması zamanı "Houcher” mahnısının mütləq siyahıdan çıxarılacağı, o cümlədən adıçəkilən musiqinin Vardan Hovanissian və Emre Gültəkinə aid olmadığı, "Kor ərəbin mahnısı” orijinal adı ilə Fikrət Əmirov tərəfindən bəstələndiyi və şirkətin bununla bağlı səhv etdiklərini ictimaiyyətə çatdırmaq üçün kommunike buraxılacağı, eləcə də Şirkətin "Houcher” mahnısının bütün platformalardan silməyə hazır olduğu vurğulanıb.


Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kor ərəbin mahnısı” əsərinin musiqisi Belçikada yaşayan Vardan Hovanissian və Emre Gültekin tərəfindən mənimsənilərək "Houcher” adı altında "Karin” musiqi albomuna daxil edilib və bir sıra platformalarda yayımlanıb.


Bununla əlaqədar, Əqli Mülkiyyət Agentliyi və Fikrət Əmirovun vərəsələri tərəfindən müəlliflik hüquqlarının pozulmasının qarşısının alınması ilə əlaqədar musiqi albomunun istehsalçısı olan Belçikanın "Muziekpublique” şirkətinə qarşı müvafiq tələblər irəli sürüblər.


Plagiatçılıqla məşğul olanlara qarşı qanunvericiliklə müəyyən edilmiş tələblərin yerinə yetirilməsi Əqli Mülkiyyət Agentliyinin və Fikrət Əmirovun vərəsələrinin ciddi nəzarətindədir. Məsələnin gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar