Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.
Bu gün tanınmış rəssamın anadan olmasından 104 il ötür. Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.
1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada "Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası "xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.
Rəssamın "Bizim Xəzərdə”, "Azərbaycan qadınları”, "Doğma Vətənim”, "Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.
M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını "Odlar Yurdunun qızları”, "Üç çiçək” və "Mənim bacılarım” əsərlərində canlandırıb.
İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin "Qılınc və qələm”, M.F.Axundzadənin "Aldanmış kəvakib”, A.Puşkinin "Yevgeni Onegin” və M.Lermontovun "Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.
Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. "Azərbaycan neft ölkəsidir”, "Bizim Xəzərdə” və "Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.
M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən "Şöhrət” ordeninə layiq görülüb.
Rəssam 2008-ci il martın 18-də vəfat edib. (AZƏRTAC)