İngilis yazıçısı Artur Konan Doylun vərəsələri "Neftlix” şirkətini məhkəməyə veriblər. "The Independent” nəşrinin verdiyi məlumata görə, onlar şirkəti "Enola Holms” filminin yaradılması zamanı müəllif hüquqlarının pozulmasında ittiham edirlər.
Xezerxeber.az "İsvestiya” qəzetinə istinadla xəbər verir ki, bu film fantast yazıçı Nensi Springerin Şerlok Holmsun kiçik bacısı haqqında silsilə kitabları əsasında çəkilib.
2014-cü ildən etibarən Konan Doylun ailəsi yazıçının 1923-cü ilə qədər yazdığı əsərlərin müqabilində müəllif haqqı almır, çünki məhkəmənin qərarına əsasən bu əsərlər ictimai sərvət hesab edilir. Lakin vərəsələrin fikrincə, Springer öz kitablarında yazıçının sonrakı dövrdə yazılmış, yəni bu qadağanın şamil olunmadığı əsərlərindəki müəyyən elementlərdən istifadə edir.
İddia, həmçinin "Legendary Pictures” kinoşirkətinə, "Penguin Random House” nəşriyyatına, habelə filmin rejissoruna və ssenari müəlliflərinə qarşı yönəlib.
"Enola Holms” filminin premyerası 2020-ci ilin sonu üçün planlaşdırılıb. Filmdə əsas qadın rolunu Milli Bobbi Braun ifa edəcək, Şerlok Holms obrazını isə aktyor Henri Kavill canlandıracaq. Bundan əlavə, filmdə ingiltərəli aktrisalar Helena Bonem Karter və Fiona Şou da çəkilib.