Yazıçı-dramaturq, jurnalist Aqşin Babayev vəfat edib.
Bu barədə APA-ya oğlu Gündüz Babayev məlumat verib.
Onun sözlərinə görə, atası bu gün səhər vəfat edib.
A. Babayev 1936-cı ildə anadan olub. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib. Əsas işindən ayrılmadan 10 il (1969-1979) ingilis, fransız, alman və ispan dillərində çap olunan "Moskou nyus" qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub. Azərbaycanın ictimai həyatı, mədəniyyəti, incəsənəti haqqında həmin qəzetin səhifələrində yazılar dərc etdirib. Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev, Niyazi, T.Salahov kimi sənətkarları xarici ölkə oxucularına tanıtdırıb. 1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib.
1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb.
A. Babayevin ilk hekayəsi 1958-ci ildə "Oktyabr işıqları" almanaxında çap olunub. 1964-cü ildə onun "Cazibəli üfüqlər" adlı ilk hekayələr kitabı çapdan çıxıb.
A.Babayevin elmi əsərləri Moskvada, Ankarada, Tbilisidə çap olunub. "Nazim Hikmətin yaşamı" adlı kitabı 1989-cu ildə Almaniyada işıq üzü görüb. "Türk ədəbiyyatı müntəxəbatı", "Türk dramaturgiyası", "Cümhuriyyət dövrü türk ədəbiyyatında sosial motivlər", "Azərbaycan və türk dünyası" kitabları bu gün də dəyərli dərs vəsaitidir. Türkiyədəki Nazim Hikmət vəqfinin Məsləhət Şurasının fəxri üzvüdür.
A.Babayev 1970-ci ildə "Əmək rəşadətinə görə" medalı ilə təltif edilib, 1987-ci ildə "Əməkdar jurnalist" fəxri adına, 2004-cü ildə II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.
Allah rəhmət eləsin.