Musiqi alətlərinə vaxtında qulluq göstərilməsi vacib şərtlərdəndir. Pianino musiqi aləti də belə alətlərdən biridir. Onun kökdən düşməməsi və saz vəziyyətdə qalması üçün müəyyən tələblərə əməl edilməlidir.
Pianino kökləyən ustalardan biri də Ağstafa rayon sakini Zaur Quliyevdir. O, kökdən düşən pianinolara uzun illərdir yeni nəfəs verir.
Zaur Quliyev deyir ki, pianinoların yerini tez-tez dəyişmək olmaz. Çünki yerini dəyişdikdə istər-istəməz otaq temperaturu da dəyişir. Bu zaman alətdə genişlənmə və sıxılma yaranır. "Pianinoların əksəriyyətində problem əsasən düzgün qulluq edilməməsi səbəbindən olur. Bəzən ziyanverici həşəratlar da pianinonun içərisinə daxil olur və zərər verir. Nəm şəraitdə pianinoların çəkiclərinin altındakı yaylarda qırılma baş verir, musiqi aləti yaxşı işləmir”, - deyə usta bildirir.
Onun sözlərinə görə, pianinolara ildə bir-iki dəfə mütəxəssis tərəfindən baxış keçirilməlidir. Belə olduğu halda musiqi aləti uzun müddət saz qalır. Usta pianinonu kökləyərkən müasir proqramlardan istifadə edir. "Pano tuner” proqramı vasitəsilə pianinoları kökləyən Zaur Quliyev bu cür elektron alətlər vasitəsilə daha dəqiq iş aparıldığını deyir. Usta, həmçinin pianino həvəskarlarının bu musiqi alətini xüsusən də "ikinci əldən” alarkən mütləq mütəxəssisə müraciət edilməli olduğunu diqqətə çatdırır. (AZƏRTAC)