Azərbaycanda milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi ilə əlaqədar ölkəmizin İndoneziyadakı səfirliyinin müşaviri Gültəkin Həbiblinin bu ölkənin nüfuzlu minanews saytında "Əbdürrəhim bəy Haqverdiyev-150” adlı məqaləsi yerləşdirilib. (https://minanews.net/mengenang-sastrawan-besar-azerbaijan-abdurrahim-bey-hagverdiyev/)
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli ədibin anadan olmasının 150 illiyi barədə Sərəncamına uyğun olaraq yazılan məqalədə milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış Əbdürrəhim bəy Haqverdiyevin yubileyinin Azərbaycanla yanaşı, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz çərçivəsində də qeyd olunduğu, onun yaradıcılığının böyük oxucu kütləsinə tanıdıldığı bildirilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizin tarixinə, ədəbi və mədəni irsinə verdiyi qiymətin nəticəsi olaraq, bu gün Azərbaycanın tək neft ölkəsi kimi deyil, həm də bəşər tarixinin, ədəbiyyatının, mədəniyyətinin nadir beşiyi kimi tanındığı qeyd olunur. Ölkəmizin dünyaya, həm də sözün dəyərini, zəngin tarixini, çoxşaxəli ədəbiyyatını ixrac etdiyi, ölkəmizin bu sahədə də artıq öz modelini yarada bildiyi vurğulanır. Məhz bu cür tədbirlərin sayəsində bir sıra xarici ölkələrdə Azərbaycanın tanınmış mütəfəkkirlərinin, söz ustadlarının, sənət adamlarının, ictimai xadimlərinin heykəllərinin ucaldıldığı, mədəniyyət mərkəzlərinin yaradıldığı, zəngin çalarlara və dərin tarixi köklərə dayanan Azərbaycan mədəniyyətinin və onun simalarının tanıdılması istiqamətində əməli addımların atıldığı diqqətə çatdırılır. Azərbaycanın ədəbiyyat külliyyatının müxtəlif dillərə tərcümə edildiyi, Heydər Əliyev Fondunun bu istiqamətdə tariximizə verdiyi töhfələrin yüksək qiymətə layiq olduğu bildirilir.
Azərbaycanın ictimai həyatında fəal iştirak etmiş və sosial-mədəni quruculuq işlərində yorulmadan çalışmış, milli ideologiyanın oyanışında misilsiz xidmətləri olan Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığının dövlət səviyyəsində qeyd olunmasının həyata keçirilən tədbirlərin tərkib hissəsi olduğu vurğulanır. Ə.Haqverdiyevin adının UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərinin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsinin Azərbaycan ədəbiyyatına, onun tarixinə və zəngin irsinə verilən böyük dəyərin əyani təzahürü olduğu bildirilir.
Məqalədə qeyd olunur ki, Ə.Haqverdiyev doğma Şuşamızın parçası, Azərbaycan milli ədəbiyyatının ölməz nümayəndəsidir. Bu gün Azərbaycanın dilbər guşəsi olan Qarabağın ürəyi sayılan Şuşa, çox təəssüf ki, Azərbaycanın həyata keçirdiyi beynəlxalq mədəniyyət, ədəbiyyat tədbirlərindən uzaq düşüb. Xatırlanır ki, erməni silahlı birləşmələrinin işğalına qədər mədəniyyət və musiqi beşiyi sayılan Şuşada Azərbaycan mütəfəkkirlərinin doğum tarixləri dövlət səviyyəsində qeyd edilirdi, bu şəhər beynəlxalq musiqi festivallarının beşiyinə çevrilmişdi. Ancaq Azərbaycan xalqı yenə o günlərə qayıdacağına, bu halın müvəqqəti xarakter daşıdığına inanır. Azərbaycanın dövlət başçısının həyata keçirdiyi uzaqgörən, düşünülmüş siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün, Ə.Haqverdiyevin, Xan Şuşinskinin və bir çox dünya şöhrətli Azərbaycan karifeylərinin yetişdiyi Şuşa da daxil olmaqla, ölkəmizin işğal altında olan əraziləri azad olunacaq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə "Cıdır” düzündə beynəlxalq tədbirlər keçiriləcək.
Məqalədə, dövlət başçısının Sərəncamına əsasən, ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə "İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən üzərində "Şuşa Azərbaycan” yazısı və ədibin gənclik şəkli ilə yanaşı, arxa fonda "Şuşa qalası” təsvir olunmuş poçt markasının təsviri, o cümlədən, ədibin şəkli də yer alıb.