Hava soyuyan kimi xaş həvəskarları sevimli yeməklərini dadmağa tələsir. Qubada ən dadlı xaşı Əliheydər Salmanov bişirir. Bu aşpazın bişirdiyi xaşdan yemək üçün qonşu rayonlardan gələnlər, hətta Rusiya və ABŞ-dan sifariş edənlər də var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 74 yaşlı Quba rayon sakini Əliheydər Salmanov ömrünün 53 ilini aşpazlıq peşəsinə sərf edib. Amma onu aşpaz kimi hamıya sevdirən bişirdiyi dadlı xaş yeməyidir. Onun bişirdiyi xaşın dadı yeyənlərin damağından getmir.
Təcrübəli aşpaz bildirir ki, xaşın dadlı alınması üçün ayaqların seçilməsi və doğranmasında bir sıra qaydalara əməl etmək lazımdır. Ən əsası yeməyin bişiriləcəyi ocağın temperaturuna nəzarət vacibdir. Xaş ən azı ocaqda 4-5 saat sabit istilikdə bişməlidir.
“Rusiyadan sifariş gələndə axşamdan gəlib deyirlər. Mən də bişirib səhər tezdən göndərirəm. Pandemiyadan sonra Rusiyadan sifarişlərin sayı xeyli azalıb. Bir dəfə bir yoldaş gəlib burada xaş yedi. Dedi ki, ABŞ-də yaşayıram. Üstündən bir müddət keçəndən sonra bir cavan oğlan gəldi ki, Amerikaya 5-6 nəfərlik xaş göndərmək istəyirəm. Burada gəlib yeyiblər, bəyəniblər. İndi mənə deyiblər ki, ora xaş göndərim”, - deyə Əliheydər Salmanov bildirib.
Əliheydər Salmanovun kiçik xaşxanasına sübh tezdən üz tutanların sayı daha çox olur. Xaşın qiyməti 5 manatdır. Müştərilərin sözlərinə görə, bu aşpazın xaşı bölgədə məşhurdur.
Yağı və kalorisi olduqca yüksək olan xaş insan orqanizminə bol enerji verir. Çox faydalı xüsusiyyətlərə baxmayaraq, xaş kifayət qədər "ağır" yemək olduğunda onu tez-tez və gecə saatlarında yemək tövsiyə edilmir.