Bu gün 29 nəfərin öldüyü dəhşətli təyyarə qəzasından 50 il ötür.
Bu qəzanı dəhşətli edən isə qəzadan sağ qurtulan sərnişinlərin həyatda qalmaq üçün yoldaşlarının cəsədlərini yeməsidir.
Belə ki, 1972-ci il, oktyabrın 12-sində Uruqvayın “Köhnə xristianlar” adlı reqbi qrupu Çilidəki matç üçün And dağlarını keçməyi planlaşdırır.
Uruqvayın Karrasko hava limanından qalxan 571 saylı reys hava şəraiti ilə əlaqədar Argentinada eniş edir. Oktyabrın 13-də səyahətə davam etmək qərarı verilir. Bu dəfə “Fairchild FH-2270” nömrəli reys geridönməz şəkildə havaya qalxır.
And dağlarının üzərindən uçan təyyarə dumanlı hava səbəbindən dağın zirvəsini görə bilmir və ölümlə nəticələnən qəza baş verir.
4200 metr hündürlükdə baş verən qəzada təyyarənin sağ qanadı zirvəyə çırpılır, gövdəsində nəhəng dəlik açılır. Sonra ikinci zirvəyə çatan təyyarə bu dəfə sol qanadını itirərək qar uçqununda qalır.
Təyyarənin qalıqlarını tapmaq 2 ay çəkib. Bu prosesdə 45 nəfərin də olduğu təyyarədə cəmi 16 nəfər sağ qalıb. Onlardan 12-si zərbə zamanı, 17-si isə aldığı xəsarətlər və uçqun nəticəsində həlak olub.
Təyyarədə 8 şokolad, bir qutu midya, 3 banka mürəbbə, badam, xurma və bir neçə şüşə şərab olub. Ancaq bütün bunlar sağ qalan 16 nəfərin yaşaması üçün kifayət etmirdi.
Qida ehtiyatı tükənən təyyarə sakinləri aclıqdan ölməmək üçün dostlarının cəsədlərini yeməyə qərar verir.
Qəzadan yarım əsr sonra sağ qalan 16 nəfər Uruqvayda faciələrini və həlak olan 29 nəfəri yad etmək üçün toplaşıb.
And dağlarında qəzadan 72 gün sonra xilas edilən sərnişinlərdən biri, 70 yaşlı Ramon Sabella hannibalizmə əl atmaq məcburiyyətində qaldıqları faciəni belə izah edir:
“İnsan ətini yemək fikri dəhşətli və iyrənc idi. Bunu ağzımıza salmaq çətin idi. Amma biz buna öyrəşmişik. Dostlarımız müəyyən mənada dünyada bizi qidalandırmağa və həyatda saxlamağa kömək edən ilk orqan donorlar idi”.
70 yaşlı sərnişin bildirib ki, qəzadan sonra onlar radiodan axtarışların dayandırıldığını eşidiblər və bu xəbər onları sağ qalmaq üçün mübarizə aparmağa sövq edib. Sabella bildirib ki, qəzadan sonra üç nəfər kömək axtarmaq üçün könüllü olaraq yola düşüb, onlardan biri daha sonra hadisə yerinə qayıdıb:
“Qəzadan günlər keçdikdən sonra yolda atlı ilə rastlaşan 2 şəxs qəza yerini göstərmək üçün xilasetmə qruplarına rəhbərlik etdilər. Bu yolla 16 nəfər xilas edildi”, - o deyib.
Qəzadan sağ çıxan digər sərnişin Karlitos Paez, insan əti yeməyin başqa heç bir şeyə bənzəmədiyini söyləyib:
“6 milyon mil uçmuşam. Bu hekayəni sonsuza qədər danışmağa məhkumam”.
Fotoda Karlitos Paez
Qeyd edək ki, 1972-ci ildə baş vermiş qəza bütün dünyada böyük maraqla qarşılanıb. Sağ qalan 16 nəfərin hekayəsi kitaba çevrilib və bestseller olub. Hətta Hollivudda bu hadisə ilə bağlı film də çəkilib./Ölkə.Az