İngiltərədə xərçəng xəstəliyi ilə bağlı aparılan son araşdırmalar səs-küy yaradıb.
Tədqiqat Böyük Britaniya Milli Səhiyyə Xidmətinin (NHS) Xərçəng Araşdırma İnstitutu tərəfindən aparılıb. Xərçəng hüceyrələrinə təsir edən yeni müalicə növü ilk sınaqlarda müsbət nəticələr göstərib. İngiltərə alimlərinin verdiyi açıqlamaya görə, aşkar edilən virus vasitəsilə xəstənin bütün xərçəng hüceyrələri məhv edilib, digərlərinin xərçəng şişləri isə kiçilib.
Londonun qərbində yaşayan 39 yaşlı Krzisztof Uojkovski tədqiqatın davam edən mərhələsində iştirak edən xəstələrdən biri olub. 2017-ci ildə ağız nahiyəsindəki tüpürcək vəzlərində xərçəng diaqnozu qoyulan Uojkovski bir çox əməliyyat və müalicələrə baxmayaraq, xərçəngə qalib gələ bilməyib. Əksinə, xəstəlik daha da irəliləyib. Lakin virus müalicəsinin qısa bir mərhələsində bədənindəki bütün xərçəng hüceyrələri ölməyə başlayıb:
“İki həftədən bir iynə vurdum, cəmi beş həftə çəkdi. Artıq iki ildir ki, bədənimdə xərçəng hüceyrələri yoxdur”.
Qeyd olunub ki, birbaşa şişə tətbiq edilən iynələr xərçəng hüceyrələrinə iki yolla hücum edir: xərçəng hüceyrələrini əhatə edir və partladır; daha sonra immunitet sistemini aktivləşdirir. Təxminən 40 xəstənin iştirak etdiyi tədqiqatlarda bəzi xəstələrə “RP2” adlı soyuqdəyməyə səbəb olan virus vurulub. Digər xəstələrə isə bu iynələrlə bərabər, xərçəngin müalicəsi üçün istifadə edilən dərmanlar da verilib. Əldə edilən nəticələrə görə, sadəcə “RP2” virusu tətbiq edilən doqquz xəstədən üçündə şişlər kiçilib, xərçəng dərmanlarını qəbul etməyə davam edən 30 xəstədən yeddisində müalicə müsbət nəticə verib, yorğunluq kimi yan təsirlər yüngül formada hiss olunub.
Qeyd edək ki, bundan öncə də alimlər xərçənglə mübarizə üçün viruslardan istifadə ediblər./sfera.az