Xəzər Xəbər

90 min dollara aldı, illərlə saxladı, 30 ildən sonra isə… - ŞOK OLAY

Maraqlı | 21:44 • 7 Avqust 2022
90 min dollara aldı, illərlə saxladı, 30 ildən sonra isə… - ŞOK OLAY

İncəsənət tarixinin ən böyük ustadlarından birinə aid olduğunu düşündüyü əsər üçün böyük məbləğdə pul ödədi, illərlə qorudu, 30 ildən sonra isə… Qəribə vəziyyətlə üzləşən qadının hekayəsi...

İncəsənət həvəskarı Stefani Kleq kolleksiyasında Mark Şaqalın tablosunun yer alması ilə illərlə fəxr edib.

XəzərXəbər “New York Times”a istinadən xəbər verir ki, o, tablonu 1994-cü ildə - Şaqalın ölümündən doqquz il sonra “Sotheby's” hərrac evindən alıb və rəsm üçün 90 min dollar ödəyib.

Rəsm illərlə Kleqin və onun həyat yoldaşı Alfred Con Kleqin yataq otağının divarında asılıb. Cütlük 2020-ci ilin əvvəlində daha kiçik bir evə köçdükdə rəsm əsərini yer çatışmazlığı səbəbindən anbara qoyub.

Sonra isə Kleq kolleksiyasındakı bəzi əsərləri satmaq qərarına gəlib. Bunun üçün o, yenidən “Sotheby's”in qapısını döyüb.

Hərrac evinin mütəxəssisləri Kleqin yaxşı gəlir gətirəcək bir neçə tablosunu seçiblər. Seçilmiş əsərlərdən biri də Şaqalın sözügedən tablosu olub.

Lakin “Sotheby's”in bir şərti olub: rəsm əvvəlcə Fransaya göndəriləcək və ekspertlər tərəfindən orijinallığı təsdiqlənəcək.

Əsəri “Sotheby's”dan aldığı və orijinallığına şübhə etmədiyi üçün Kleq tablonu rahatlıqla Parisə göndərib.

Lakin nəticə onun gözlədiyi kimi olmayıb.

Şaqalın nəvəsi, komitə üzvü Meret Meyer Kleqa yazdığı məktubda komitənin yekdilliklə əsərin saxta olduğuna qərar verdiyini bildirib. Rəsm məşhur rəssamın "Le couple au buquet" (1952) və "Les amoureux au cheval" (1961) kimi əsərlərindən müəyyən elementləri birləşdirərək yaradılıb.

Məktubda bildirilib ki, rəsmdə Şaqalın əsərlərində tez-tez rast gəlinən ikonoqrafik elementlərdən istifadə olunub: buket, sevgililər, at profili, xoruz profili, aypara… Lakin əsas elementə rast gəlinməyib.

Məktubda vurğulanıb ki, rəssamın varisləri rəsmin qanuni olaraq müsadirə olunmasını və yox edilməsini tələb edirlər.

“Sotheby's” hərrac evinin rəsmiləri isə əllərindən heç nə gəlmədiklərini və rəsm üçün verdikləri orijinallıq zəmanətinin müəyyən müddətlə (5 il) məhdudlaşdığını bildiriblər.

"Mən onlara inanırdım. Onları bilikli ekspertlər hesab edirdim və təcrübələrinə güvənirdim", - 73 yaşlı Kleq "New York Times"a deyib.

Kleq vəkili vasitəsilə “Sotheby's”dən 175 min dollar təzminat tələb etsə də, hərrac evi bu tələbin heç bir qanuni əsası olmadığını bildirib və Kleqqə sadəcə 18.500 dollar endirim təklif edib.

Bəs 30 il əvvəl orijinal sayılan rəsm indi necə saxta elan edilə bilər?

Əslində, buna bənzər hadisələr daha əvvəl də baş verib. Bir çox sənət əsərlərinin orijinallığı haqqında fikirlər zamanla dəyişə, mütəxəssislər fərqli fikir bildirə bilər.

Məsələn, 1973-cü ildə aparılan qiymətləndirmə nəticəsində Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyinin 300-ə yaxın əsərin müəllifləri haqqında müxtəlif fikirlər səsləndirilib. Bunların arasında hətta Rembrandt, Goya, Vermeer, Velazquez kimi sənətkarlara aid edilən rəsmlər də olub.

Musavat.com

Xəbər lenti