Britaniyalılar qiymətlərin artması səbəbindən artıq ev heyvanlarından imtina edirlər.
Onları baxılmaq üçün xeyriyyə təşkilatlarına və heyvanların xilasetmə mərkəzlərinə verirlər.
Bu barədə “Mirror” yazıb.
"Heyvan sahibləri evlərini qızdırmaq, yemək almaq üçün uşaqlar və it arasında seçim etməlidirlər", - “Dogs Trust” xeyriyyə təşkilatının əməliyyatlar üzrə direktoru Adam Klouz qəzetə müsahibəsində deyib.
“Dogs Trust” bu il artıq heyvan saxlamağa imkanı olmayan insanlardan 18 000 zəng qeydə alıb. Ötən ilin 7 ayı ilə müqayisədə müraciətlərin sayı 55% artıb. Təşkilat həftədə 200 heyvan qəbul edir və yeni ev, yeni sahib tapana qədər ev heyvanlarına qulluq etmək üçün qəyyumlara ehtiyac duyur.
Nəşr yazır ki, ev heyvanları üçün yemlərin qiyməti ötən illə müqayisədə 20% artıb, baytarlıq xidmətləri bahalaşıb.
Qəzetin yazdığına görə, Britaniyada bir pişik adətən sahiblərinə ildə 1500 funt-sterlinqə (1800 dollardan çox), it isə ömrü boyu 30.000 funt-sterlinqə (36.200 dollar) başa gəlir./Cebhe.info