Dünyanın ilk bitkoin investorlarından biri olan 36 yaşlı Ceyms Hovells Uelsdə təsadüfən 149 milyon funt sterlinq dəyərində bitkoin qeydləri olan sabit diski zibilliyə atıb.
Hovells 2013-cü ildə Uels Nyuportda ofisini boşaldarkən təsadüfən kompüterinin sərt diskini bitkoin hesab məlumatları ilə birlikdə xarab noutbuk, köhnə klaviatura və siçanlarla birlikdə zibilliyə atıb. Vəziyyəti anlayanda artıq gec olmuşdu, sərt disk artıq şəhər zibilliyində idi.
O bu gün 149 milyon funt-sterlinq (təxminən 308 milyon manatdan çox) dəyərində olan bitkoinlərini almaq üçün dəfələrlə şəhər şurasına müraciət edib. Lakin onun hər dəfə hazırladığı axtarış planı uyğun olmadığı üçün rədd edilib.
36 yaşlı investor pulunu almaq üçün yeni plan hazırlayıb. Yarım milyon dollara başa gələcək qazıntı planına görə, 110 min tonluq zibillikdə qazıntı zamanı zibilin bir nöqtəyə aşması riskinə qarşı sahə davamlı olaraq pilotsuz təyyarələrlə yoxlanılacaq. Qazılan zibil süni intellektlə mexaniki qollarla ayrılacaq.
Qazıntıda mütəxəssislərdən ibarət 8 nəfər çalışacaq. “Boston Dynamics”in məşhur robot itləri gecə saatlarında əraziyə nəzarət edəcəklər. Sərt disk tapılsa belə, onun işləyəcəyi məlum deyil./Ölkə.Az