Amerikalı keçmiş boksçu, ağır çəkidə dünya çempionu Məhəmməd Əlinin 1974-cü ildə "Rumble in the Jungle" matçında Corc Formanı (George Foreman) məğlub edərək qazandığı çempionluq kəməri hərracda 6,18 milyon dollara satılıb.
Kəməri amerikalı iş adamı, Amerika futbolu üzrə "İndianapolis Colts" komandasının sahibi Cim İrsey (Jim İrsay) alıb.
Daha əvvəl Elvis Presli və Con Lennona məxsus gitaraları hərracda satın almış C.İrsey sosial media hesabında bu kəməri “Amerika tarixi və pop mədəniyyəti xatirələri”ndən ibarət kolleksiyası üçün aldığını və bununla fəxr etdiyini yazıb.
Xatırladaq ki, Məhəmməd Əli peşəkar boksda 1964 və 1974-cü illərdə "Mütləq dünya çempionu" adını qazanmışdı. Bundan başqa, o, 1960-cı ildə Olimpiya çempionu olub. Məhəmməd Əli 2016-cı ildə vəfat edib.
Məhəmməd Əlinin kəməri avqustun 2-də Çikaqodakı “Navy Pier” və sentyabrın 9-da İndianapolisdə nümayiş etdiriləcək.