Son arzusu sevgilisi ilə evlənmək olan İtaliyanın Turin şəhərinin ölüm ayağında olan sakini toy hədiyyəsi olaraq yeni ürək alıb.
XəzərXəbər-in milli.az-a istinadən məlumatına görə, 47 yaşlı Mauritsio Kalorio və onun 42 yaşlı sevgilisi Silvia Duka 6 il görüşüblər. Onların bir qızı var idi. Cütlük evlənməyi planlaşdırırdı, lakin COVID-19 pandemiyası səbəbindən toyu təxirə salmalı oldular.
Kalorio bu yaxınlarda ürək tutması keçirdi. Xəstəxanaya aparıldı, süni nəfəs aparatına qoşuldu. Kişiyə ürək transplantasiyası lazım olsa da, uyğun donor orqanı tapmaq mümkün olmayıb. Sevgililər Kalorionun toy gününə qədər yaşayıb-yaşamayacağını bilməyiblər və düz xəstəxanada mərasim keçirmək qərarına gəliblər. Palata şarlar və qan nümunələrinin götürülməsi üçün şprislərdən hazırlanmış buketlə bəzədilib.
Nikah mərasimindən cəmi bir neçə saat sonra kişiyə Neapolda transplantasiyaya uyğun ürəyin tapıldığı bildirilib. Xüsusi reyslə orqan Turinə aparılıb və həmin gecə adam 7 saatlıq ürək transplantasiyası əməliyyatı keçirib. "O gecə bir möcüzə baş verdi. Toydan sonra gözəl hədiyyə aldıq - Mauritsio üçün yeni ürək. Transplantasiya olmadan onun sağ qalmaq şansı demək olar ki, yox idi", - deyə Duka bildirib.
Hazırda Kalorio xəstəxanada həkimlərin nəzarəti altında qalır, lakin əməliyyat uğurlu keçib və həkimlər onun səhhətinin tam yaxşılaşacağını gözləyirlər. "Biz qaranlıqda idik, lakin bu hədiyyə bizi sevinc bəxş etdi. İndi birlikdə qocalıb qızımızı böyüdəcəyik. Kiminsə səxavəti sayəsində Mauritsio yeni bir həyat tapdı", - deyə kişinin arvadı vurğulayıb.