Ötən il Meksikada tutulan və qurbanlarını yediyini etiraf edən sislsilə qətllər törədən Andres Filomeno Mendoza Celis haqqında sənədli film çəkilib.
Səlahiyyətlilər qatilin evində davam edən araşdırmalar zamanı indiyədək 4600 insan sümüyü tapıldığını bildiriblər.
Meksikanın Atizapan şəhərində 18 may 2021-ci ildə tutulan 73 yaşlı qatilin daha çox qadınları hədəf aldığı bildirilib.
Sümüklərin 17 qadın, 1 yetkin kişi və 1 uşağa aid olduğu aşkar edilsə də, səlahiyyətlilər qatilin 40 yaşdan yuxarı ən azı 30 qadını öldürdüyündən şübhələnirlər.
Bu günə qədər sislsilə qətllər törədən şəxsin evində aparılan istintaqda şübhəlinin törətdiyi güman edilən 20 qətlin səs yazıları, o cümlədən qurbanlara məxsus sümüklər, qadın geyimləri, qadınların şəxsiyyət vəsiqələri, baş dərisi, kəllə sümüyü və s. tapılıb.
Qəssab olan və əməllərinə görə həbs edilən şəxs məhkəmədə qurbanlarını yediyini etiraf edib. Törətdiyi qətllərə görə ömürlük həbs cəzası alan cinayətkar sonrakı məhkəmə prosesində öldürdüyü qadınların ətini qonşularına verdiyini etiraf edib.
Meksika səlahiyyətliləri, qatilin hekayəsini izah edəcək bir sıra sənədli filmlərin yayımlanacağını açıqlayıb.
Meksika Ali Məhkəməsi tərəfindən verilən açıqlamada “Hannibal, ümumi qəzəb” adlı sənədli serialın ölkədə genderlə bağlı zorakılıq və qadın cinayətləri haqqında məlumatlılığı artırmaq məqsədi daşıdığı bildirilib./Ölkə.Az