Aprelin 30-da ilin ilk Günəş tutulması olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma hadisəsi aprelin 30-da saat 22:45-də başlayacaq və mayın 1-də saat 02.37-də sona çatacaq. Tutulmanın maksimumu saat 00:41-də olacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, ilin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda, Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Bu il iki Günəş, iki Ay tutulması olmaqla, ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.