Rusiyanın Ukraynaya hücumundan sonra prezident Volodimir Zelenski dünyanın gündəmindədir. Onun çıxışları, Rusiyaya ünvanlanmış sərt mesajları ilə yanaşı, geyimi, davranışları da beynəlxalq medianın diqqət mərkəzindədir. Son bir ay ərzində xarici görünüşündə yorğunluq və kədər hiss olunan Zelenski artıq rəsmi geyimləri bir kənara qoyaraq, hərbi çalarların əks olunduğu geyinlərə üstünlük verir. O, hətta rəsmi danışıqlarda da kostyum və qalstukdan istifadə etmir, görüşlərə saqqallı qatılır.
Modern.az xəbər verir ki, “UNİAN” nəşri Zelenskinin müharibədən sonrakı geyim tərzi ilə bağlı maraqlı araşdırma aparıb.
Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən dərhal sonra Volodimir Zelenski xalqa ilk müraciəti zamanı xaki rəngli köynəkdə görünüb. Həmin gündən indiyədək Ukrayna lideri yeni stildə görüntülənir.
Bəzi ekspertlərin fikrincə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin formasını geyinmir, bununla da o, vətəndaşlara hərbçilərin şöhrətini mənimsəmədiyi barədə siqnal verir.
Zelenskinin daha çox “5.11”, “Hallyard”, “281.z” markalarının köynəklərinə üstünlük verdiyi bildirilir. Onların qiyməti orta hesabla 400-600 Ukrayna qrivnasıdır. (təxminən 23-34 manat-red).
Bundan əlavə, Volodimir Zelenski Ukraynanın “M-Tac” brendinin xaki rəngli yun gödəkçələrinə və hərbi üslublu şalvara üstünlük verir.
Araşdırmalar zamanı məlum olur ki, Ukrayna prezidenti bahalı geyimlərdən yan qaçır, adi insanlar üçün əlçatan olan paltarlarla xalqın qarşısına çıxır. Digər üst geyimləri ilə yanaşı onun ayaqqabılarının da ucuz olduğu deyilir. Belə ki, Zelenski Buçaya 50 dollarlıq (85 AZN – red.) “Saucony” idman ayaqqabısı ilə gəlib.
Eyni zamanda, jurnalistlər Ukrayna Prezidenti Volodimir Zelenskinin Böyük Britaniyanın Baş naziri Boris Consonla görüşü zamanı əynində olan geyimin qiymətini araşdırıblar.
Qeyd olunub ki, Zelenskinin əynindəki geyimin qiyməti cəmi 120 dollardır.