Xəzər Xəbər

Gürcüstan “faydalı virus”lar hazırlayır – Daha ucuz VARİANT

Maraqlı | 17:44 • 4 Aprel 2022
Gürcüstan “faydalı virus”lar hazırlayır – Daha ucuz VARİANT
Bir virusun yaratdığı epidemiya milyonlarla insanın ölümünə səbəb olub və bütün dünyanı alt-üst edib. 
 
İndi isə aparılan klinik sınaqlar virusların həm də həyatı xilas edə biləcəyini göstərir.
 
Gürcüstanın Tbilisi şəhərindəki laboratoriyada "faydalı viruslar” antibiotiklərə qarşı müqavimət yaradan bakteriyalarla mübarizə aparmaq üçün yetişdirilir.
 
Bədənin infeksiyaların müalicəsi üçün verilən dərmanlara qarşı müqaviməti mənasını verən Antimikrobiyal Müqavimət (AMD) çağımızın gizli təhlükələrindən biri adlandırılır və bunun yeni epidemiyalara yol açacağından qorxulur. 
 
Gürcüstanda aparılan qabaqcıl tədqiqatda istehsal olunan bakteriofaqlar - bakteriya yeyən viruslar bu problemin həlli ola bilər. Onlar antibiotiklərə dözümlü bakteriyalar üçün ən effektiv silah kimi diqqət çəkirlər. 
 
Gürcüstandakı Eliava Bakteriofaq İnstitutundan Mzia Kutateladze antibiotiklərin sağalda bilmədiyi xəstələri sağaltdıqlarını qeyd edib. Ən sadə infeksiyanın belə ölümcül ola biləcəyini bildirən mütəxəssis antibiotiklərə qarşı dirəncli patogeni məhv etmək üçün "faqoterapiya”nın ən yaxşı alternativ üsul olduğunu deyib.
 
Bu metodun uğuruna misal olaraq 2016-cı ildə Brüssel hava limanında törədilən bombalı hücumlarda yaralanan qadının sağalma prosesini göstərmək olar. İki il ərzində antibiotik müalicəsinə reaksiya verməyən xəstəni üç ay ərzində sağaltmaq üçün Tbilisidən bakteriofaqlar göndərilmişdi.
 
Bakteriofaq əsaslı dərmanlar hələ antibiotikləri əvəz etməyə namizəd deyillər, lakin tədqiqatçılar bu müalicənin ucuz olmasını, heç bir əks təsirinin olmamasını, orqanlara zərər vermədiyini və bağırsaq florasını dəyişmədiyini əsas gətirərək çox böyük üstünlüklərə malik olduğunu vurğulayırlar./Sfera.az 

Xəbər lenti

Çox oxunanlar