Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil. Qənaətimizcə, bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir.
Xezerxeber.az xəbər verir ki, Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.
Aradan illər keçdi. Xalq yavaş-yavaş yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmingünkü zarafatları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.
Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.