İsveçrə Texnologiya İnstitutunun əməkdaşı Entoni Devison əbədi həyat olduğunu və bunun qarşısında heç bir maneənin dayanmadığını iddia edib.
İsveçrəli elm adamı hər kəsdən gizli saxlanılan araşdırmanın detallarını açıqlayıb.
Devison məşhur inancın əksinə olaraq, əbədi həyatın olduğunu, amma bunun insanlara açıqlanmadığını iddia edib. Onun fikrincə, insanların 130 yaşına çatması və bundan daha uzun yaşaması üçün nəzəri maneə yoxdur.
Entoni Devisonun rəhbərlik etdiyi araşdırma qrupu 105 yaşına çatanların və 110 yaşından sonra sağ qalanların məlumatlarını təhlil edib. İlk məlumat bazası 13 fərqli ölkədən olan 110 yaşdan yuxarı 1100-dən çox insanın məlumatlarından ibarət olub.
İkinci məlumat bazasında 2009-cu ilin yanvarından 2015-ci ilin dekabrına qədər 105 yaşı tamam olan bütün italyanlar haqqında məlumatlar yer alıb.
Araşdırmalar göstərib ki, yaş artdıqca ölüm riski durmadan artır, amma bu risk sonda sabit olaraq qalır. Nəticələrə görə, ölüm ehtimalı və sağ qalma şansı 50-50-yə sabit olaraq qalır.
Tədqiqatçılar mövcud məlumatlara əsaslanaraq, insanların ən az 130 il yaşaya biləcəklərini deyirlər. Amma “Royal Society Open Science” adlı elmi jurnalında nəşr olunan araşdırma əslində insan ömrü qarşısında heç bir məhdudiyyətinin olmadığını göstərir. Devison isə 110 yaşında 130-a çatma şansının milyonda bir olduğunu söyləyib.
“130 yaşın altında məhdudiyyət olsaydı, hazırda mövcud olan məlumatları istifadə edərək onu aşkar edə bilərdik”, - elm adamı deyib.
Devison düşünür ki, qarşıdakı bir əsr ərzində 130 yaşa çatacaq insanlar yaşayacaq. Çünki daha çox insan 110 yaşına çatdıqca onlardan birinin milyonda biri olma ehtimalı artır. Amma böyük tibbi və sosial irəliləyiş olmasa, bundan daha çox yaşa çatmaq mümkün görünmür./Teleqraf.com