"Əgər COVİD-19 PCR testiniz müsbətdirsə (pozitiv), fəqət heç bir şikayətiniz yoxdursa, demək heç bir müayinə və müalicəyə ehtiyac da yoxdur. Nə KT, nə Rentgen, nə 30-40 adda qan analizi, nə dərman, nə də sistem lazımdır".
Bunu açıqlamasında həkim-radioloq Aydın Əliyev deyib.
O bildirib ki, COVİD-19 testi pozitiv çıxan hər kəs KT-yə qaçmasın:
"İnsanlarımızın COVİD-19 testi pozitivdirsə, yüngül və orta ağır şikayətləri varsa, hətta oksigen saturasiyası lap 85-ə düşübsə belə o saat KT-yə qaçmasınlar. O zaman sadəcə saturasiyanı qaldırmaq üçün müvafiq ambulator və ya stasionar müalicə üçün müraciət etsinlər.
Sözüm COVİD-19 xəstəsi ilə təmasda olub, lakin testi neqativ çıxan şəxslərədir: Heç bir şikayət yoxdursa, yenə də panik olub heç bir müayinə və müalicə etməyin. Test neqativdir amma şikayət varsa, qanda COVİD-19 İgM-ni yoxlatdırın, o da mənfidirsə və oksigen saturasiyası aşağıdırsa hə, bax o halda diaqnoz qoymaq üçün KT müayinəsi lazım ola bilər.
Bunları nəyə görə deyirəm? Son günlər yoluxub, lakin xəstəliyi yüngül keçirən, saturasiyası hətta 97-98 olan bir neçə tanışımın lazım olmadığı halda, mənasız yerə KT müayinəsinə gedərək ağciyərlərində 20-30% "buzlu şüşə mənzərəsi" var sözünü eşidəndən sonra dəhşət panikaya düşərək, isterik-panik boğulmaya məruz qaldığını gördüm"./Milli.Az