ÜST mütəxəssislərinin fikrincə, Koronavirus pandemiyası İspanka kimi 2 ilə bitməyəcək və bəlkə də tarixə uzun sürən pandemiyalardan biri kimi düşəcək.
Son 200 ildə Yer üzü bir neçə qlobal pandemiyanı yola salıb. Onlardan ən uzun çəkəni və çətini hansılar olub? Tarixdə ən yadda qalan pandemiya hansıdır?
XəzərXəbər ən iri infeksion epidemiyaların reytinqini araşdırıb.
Qeyd edək ki, Pandemiya infeksiyanın planetdə ən azı 4 qitəni əhatə etdiyi, çoxsaylı yoluxma və ölümə səbəb olduğu halda elan edilir.
BUBON TAUNU
Müxtəlif mənbələrə görə, taun ümumilikdə 100-130 milyon insanın ölümünə səbəb olub.
Tarixdə 3 nəhəng taun epidemiyası olub. Onların ikisi qədim və orta əsrlər dövrünə düşüb. Bu xəstəlik tarixə "qara ölüm" kimi düşüb.
Üçüncü yeni yoluxma halları 1855-ci ildən 1960-cı ilə kimi ayrı-ayrı yerlərdə qeydə alınıb, təxminən 100 il davam edib və təkcə Çində 12 milyon insanın ölümünə səbəb olub.
Epidemiyanın qarşısı peyvənd yox, streptomisin adlı antibiotikin hazırlanmasından sonra alındı.
QARA ÇİÇƏK
Virusun epidemiyası planetdə orta əsrlərdən başlayıb və 200 il davam edib. Tarixçilər hesab edir ki, asteklər və inklər kimi sivilizasiyaların yer üzündən silinməsinə səbəb çiçək epidemiyası olub. 1870-ci ildə xəstəlik Avropada yayılmağa başlayıb və 5 il davam edib.
Xəstəliyin tarixi boyu 4 milyard insan çiçəyin qurbanı olub.
İnfeksiya bədəndə və selikli qişalarda çoxsaylı, ağır, qabarcıqlı səpkilərlə başlayır. Epidemiya əhalinin tam peyvəndlənməsi ilə başa çatdı. Hesab edilir ki, yer üzündə çiçək xəstəliyi daha yoxdur.
VƏBA
Kəskin bağırsaq infeksiyası olan vəba müxtəlif vaxtlarda baş qaldırıb. Onlardan ən qısası 1816-1824-cü illərdə 8 il çəkib, ən uzunu isə 24 il çəkib, 1923-cü ildə bitib.
İnfeksiya xüsusi bakteriya ilə törənir, çirkli su ilə bağırsağa düşür, xəstə ağırlaşır, su itkisindən 1 sutkaya ölə bilir.
XIX əsrdə vəbadan 40 milyon insan ölüb.
İndiyə kimi vəba ara-sıra bəzi kasıb ölkələrdə, su problemi olan ərazilərdə, Afrikada, sel-sulardan sonra qığılcımlanır.
Hər il dünyada 1 milyondan çox insanda vəba aşkarlanır.
Kütləvi pandemiyanın qarşısı vaksinlə alınıb, xəstələr isə xüsusi antibiotiklə müalicə edilir.
İSPANKA qripi
1918-1920-ci illərdə yayılıb, insanlıq tarixində ən dəhşətli qrip epidemiyası kimi qalıb.
Məzh bu epidemiyada bütün insanlara maska, əlcək taxmaq məcburi idi.
Epidemiyanın ilk mənbəyi İspaniya idi. Birinci dünya müharibəsindən sonra aclıq, antisanitariya epidemiyanın sürətlə digər ölkələrə yayılmasına səbəb oldu.
2 il ərzində adi qrip hesab edilən ispanka ştammından 100 milyon insan öldü, Yer üzü əhalisinin 35%-i bu virusa yoluxmuşdu.
Məhz ispankada gedişat koronavirusdakı kimi dalğalarla olmuşdu.
Bu xəstəliyin ağır mərhələsində ağciyər qanaması olurdu və xəstələr qan qusurdu.
Çox ölkələrdə məktəblər, kino, teatr və kütləvi yerlər başlanmışdı. Ciddi karantin tədbirləri görülürdü.
Epidemiyanın yayılmasının səngiməsi və yoxa çıxmasının səbəbi indiyə kimi məlum deyil. İspanka gəldiyi kimi də getdi. Ona qarşı vaksin isə epidemiyadan 100 il sonra tapılıb.
KORONAVİRUS
Bu hələ ki, dünyanı bütünlükdə əhatə edən sonuncu pandemiyadır. Mütəxəssislər ilk başda onun adi qrip olduğunu güman edib, cəmi 2-3 ilə aradan qalxacağını proqnozlaşdırsalar da, indi gedişat dəyişib.
Virusa qarşı bir neçə cür vaksin olsa da mütəxəssislər pandemiyanın 2023-cü ilə kimi davam edəcəyini bildirir. Bir çox alimlər isə pandemiyanın ən azı 5 il davam edəcəyini deyir. Artıq 2 ildir bəşəriyyət pandemiya rejimində yaşayır.
Koronavirusun tarixdə hansı yeri tutacağının canlı şahidləri bizlər olacağıq. /medicina.az