Nəsli kəsilməkdə olan növlərin qorunması mövzusunda keçirilən qlobal konfransda açıqlanmış yeni qırmızı siyahıya əsasən dünyada köpək balığı və "Dəniz şeytanı” adı verilən vatoz balığı yox olmaq təhlükəsi ilə üz-üzədir.
Beynəlxalq Təbiəti Qoruma Birliyi hazırda dünyadakı köpəkbalığı və vatoz balıqlarının təxminən 37 faizinin yox olmaq ərəfəsində olduğunu bildirib.
Bu növlərin nəslinin kəsilmə riskinin artması balıq ovunun çoxalması və iqlim dəyişikliyi ilə izah olunur.
Bildirilir ki, okeandakı köpəkbalığı sayı 1970-ci ildən bəri 71 faiz azalıb. Komodo varanı isə xüsusən də, dəniz səviyyəsinin yüksəlməsi və İndoneziyada temperaturun artması səbəbilə nəsli kəsilməkdə olan növlərdən biri olaraq siyahıya alınıb.
Eboni ağacı və gül ağacları da intensiv ağac kəsimlərinə görə bu il ilk dəfə siyahıdakı nəsli kəsilməkdə olan ağaclar kateqoriyasına daxil edilib.
Beynəlxalq Təbiəti Qoruma Birliyinin (IUCN) açıqlamasına görə, balıqçılıq vətəgələri bir çox tuna balığı növünün artmasına şərait yaradıb.
Dünyadakı bütün yırtıcı növlərin yarıdan çoxu azalır və 18 növ ciddi şəkildə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb. Buzların əriməsinin 2050-ci ilədək pinqvin koloniyalarının 70 faizini, 2100-cü ilə qədər isə 98 faizini təhlükəyə atacağı ehtimal edilir./Sfera.az