ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) dünya əhalisini bir asteroidin Yer kürəsi ilə toqquşma ehtimalı barədə xəbərdarlıq edib.
NASA və Avropa Kosmos Agentliyinin (ESA) alimləri Yerə yaxınlaşan bir asteroidi simulyasiya ediblər.
Asteroidin Yer kürəsini vurması ilə bağlı mümkün ssenariləri nəzərdən keçirən elm adamları ehtimal olunan fövqəladə hallara dair planları müzakirəyə çıxarıblar və bu göy cisminin dayandırılması üçün nələrin edilə biləcəyinə dair ssenarilər hazırlayıblar. İddiaya görə, planetimizdən 56 milyon kilometr aralıdakı asteroid 6 aya Yer kürəsini vuracaq.
Aprelin 19-da tapılan asteroidin oktyabrın 20-də planetimizə çırpılma ehtimalının 5 faiz olduğu bildirilib. Hesablamalara görə, asteroid Avropa və Şimali Afrikanı vura bilər.
Elmi qrup bu fəlakətdən xilas olmağın yeganə yolunun toqquşma zonasının erkən boşaldılması olduğunu bildirib. Bu, on milyonlarla insanın evlərini və hətta ölkələrini tərk etməsi, başqa sözlə, planetimizdəki ən böyük qaçqın böhranı deməkdir.
NASA meteorit təhlükələrinə qarşı məhz bu nöqtədə necə hansı tədbirlərin görüləcəyini açıqlayıb. NASA-nın yeni yol xəritəsi bir çox dövlətin birgə fəaliyyətini nəzərdə tutur.
Görüləcək ilk tədbir meteoritlərin izlənməsi üçün texnologiyaların inkişaf etdirilməsidir. 1990-cı illərdən bəri bu səma cisimlərini izləyən NASA həm yer üzündə, həm də orbitdə güclü teleskopların qurulmasının vacib olduğunu bildirir. İkinci addım, toqquşmaların təsirlərini proqnozlaşdırmaq üçün proqramların hazırlanması olmalıdır. Bu çərçivədə bütün dövlətlərə məlumat göndərəcək bu proqramlar eyni vaxtda məlumat axını təmin edəcək.
Üçüncü addım, toqquşmanın baş verməməsi üçün meteoritləri dayandıracaq addımların atılmasıdır. Bu addım Yerə çırpılmadan meteoriti məhv etmək və ya istiqamətini dəyişməyi nəzərdə tutur. Dördüncü addım, bütün ölkələrin bir-biri ilə qarşılıqlı əlaqədə olması və bütün planetin meteoritə qarşı birlikdə çalışmasını ehtiva edir. Beşinci və son hədəf, bu addımlardan heç biri yerinə yetirilmədikdə və ya onları həyata keçirməyə vaxt qalmadıqda təhlükə zonasını boşaltmaq və ya qorumaqdır./Teleqraf.com