Xəzər Xəbər

Reperin ayaqqabısı fantastik qiymətə satılıb

Maraqlı | 12:17 • 27 Aprel 2021
Reperin ayaqqabısı fantastik qiymətə satılıb

Amerikalı reper Kanye Uestin idman ayaqqabısı hərracda rekord məbləğə - 1,8 milyon dollara satılıb.

Bu barədə “Sotheby's” satış evinin “twitter” səhifəsində məlumat yayılıb.

2008-ci ildə Kanye Uestin “Nike” kompaniyası ilə əməkdaşlığı nəticəsində ərsəyə gələn bir cüt “Nike Air Yeezy 1” idman ayaqqabısı reperin əsasını qoyduğu və kolleksiyaçılar arasında indiyə qədər də yüksək qiymətləndirilən “Yeezy” markasının başlanğıcı olub. 2015-ci ildən “Yeezy” markası “Adidas” kompaniyası tərəfindən istehsal edilir.

Haqqında söhbət gedən qara rəngli idman ayaqqabısı Kanye Uestlə “Nike” kompaniyasının dizaynerləri Mark Smit və Tiffani Birs tərəfindən hazırlanıb və eksklüziv olaraq müğənninin özü üçün yalnız bir nüsxədə buraxılıb. Reper ilk dəfə bu ayaqqabı ilə 2008-ci ildə “Grammy” mükafatının təqdimetmə mərasimində səhnəyə çıxıb. Sonradan bu nüsxə Oreqon ştatının xəstəxanalarından birinə dəstək məqsədilə xeyriyyəçilik hərracında satışa çıxarılıb və bu günə qədər fərdi kolleksiyada saxlanılıb.

Reperin idman ayaqqabısı aprelin 21-26-da Honkonqda keçirilən hərracda nadir kolleksiya ayaqqabılarının alış-satışı ilə məşğul olan “Rares” kompaniyası tərəfindən 1,8 milyon dollara alınıb.

Qeyd edək ki, indiyə qədər ən bahalı idman ayaqqabısı “Chicago Bulls” basketbol klubunun əfsanəsi Maykl Cordanın 1985-ci ildə geyindiyi ağ-qara rəngli “Nike Air Jordan 1” idi. O, 2020-ci ilin may ayında “Sotheby's” satış evinin Nyu-Yorkda keçirdiyi hərracda 560 min dollara satılmışdı.

Xəbər lenti

Çox oxunanlar