Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı dəyişikliklər bir çox sənaye sahələrini yarımkeçirici ("çip”) böhranı ilə üz-üzə qoyub. Artıq vəziyyət elə bir həddə çatıb ki, bəzi sənaye sahələrində istehsal ya dayandırılıb, ya da istehsal həcmi kəskin azaldılıb.
"Çip” böhranına görə ən böyük zərərə avtomobil sənayesi məruz qalıb. Böhranla əlaqədar avtomobil nəhəngləri tədricən istehsalı dayandırır. Sonuncu dəfə belə bir qərarı Yaponiyanın "Subaru” şirkəti verib. Şirkət ABŞ-da olan zavodlarında istehsalı müvəqqəti dayandırdığını bəyan edib. Bununla şirkət avtomobil istehsalını 40 faiz azaldacaq.
"Çip” böhranı ilə əlaqədar "General Motors”, "Stellantis”, "Honda”, "Toyota”, "Hyundai”, "Ford” və "Suzuki” kimi böyük avtomobil şirkətləri də istehsala fasilə vermək məcburiyyətində qalıblar.
Böhran Türkiyəyə də keçib. Türkiyənin "Oyak Renault”, "Ford Otosan” və "Tofaş” şirkətləri istehsalı müvəqqəti dayandırıb.
"Çip” böhranı pandemiyanın yaratdığı yeni iqtisadi vəziyyətlə bağlıdır. Son bir ildə onlayn xidmətlərin genişlənməsi elektron avadanlıqlara, telefon, planşet, kompüter və digər bu kimi vasitələrə tələbin kəskin artmasına səbəb olub. Elektron avadanlıqlara tələbin artması, onların istehsalının artırılmasına, bu avadanlıqların istehsalının artırılması isə onların əsas ehtiyat hissələrindən olan yarımkeçirici cihazlara tələbin kəskin artmasına gətirib çıxarıb.
2020-ci ilin ikinci yarısına qədər yarımkeçirici cihazlar istehsal edən şirkətlər qlobal tələbi qarşılamaq qabiliyyətində idi. Amma pandemiyanın təsirləri hiss ediləndən sonra yarımkeçirici cihazlara artan kəskin tələbi istehsalçılar qarşılaya bilmədilər.
Tələbi ödəmək üçün şirkətlər istehsal gücünü artırmalıdır. Postpandemiya dövrünü nəzərə alan yarımkeçirici cihaz istehsalçıları istehsalı artırmaqda tərəddüd edir. Onların əksəri açıqlamasında tələbdəki kəskin artımın müvəqqəti olduğunu, pandemiyanın başa çatmasından sonra tələbin əvvəlki səviyyə düşəcəyini gözlədiklərini bildirir. Buna görə də bir çox şirkət istehsal gücünü kəskin artırmaqdansa, müəyyən qədər artıma getməyə üstünlük verir. Belə bir vəziyyətdə isə təklif tələbi ödəmədiyindən əksər sənaye sahələri "çip” böhranı ilə üz-üzə qalıb.
Yarımkeçirici cihazların siyahısı genişdir. Bura mikrosxemlər, diodlar, tranzistorlar, tristorlar, fotoelektron cihazlar və digərləri aiddir. Bu məhsullara olan tələbin böyük olması onların bahalaşmasına səbəb olur.
"Çip”lərin bahalaşması istehsal prosesində onlardan daha çox istifadə edən sənaye sahələrində də son məhsulun bahalaşması ehtimalını gücləndirir. O cümlədən mobil və stasionar telefonların, planşetlərin və elektron kitabların, kompüterlərin, tibdə istifadə edilən elektron avadanlıqların, televizorların və digər elektron vasitələrin qiymətinin yüksəlməsi gözlənilir. Bahalaşmanın yeni istehsal edilən məişət avadanlıqlarına, avtomobillərə də keçməsi istisna edilmir. /Sfera.az