AMI şirkətinin meyvə və marketinq kampaniyaları üzrə eksperti Ursula Şokemelenin sözlərinə görə, artıq Kolumbiya və Hondurasda bir neçə banan plantasiyası bağlanıb.
Bəşəriyyət bir müddət sonra banansız qala bilər – "Die Welt"in bu iddiasına görə, səbəb yüksək yoluxuculuğa malik torpaq göbələyi infeksiyasıdır. "Tropical Race - 4" (TR4) adlı bu infeksiya XX əsrdə Asiya və Avstraliyada geniş yayılmağa başlayıb, ancaq 2019-cu ildə ilk dəfə dünyanın əsas banan tədarükçüsü olan Cənubi Amerikada da aşkarlanıb.
AMI şirkətinin meyvə və marketinq kampaniyaları üzrə eksperti Ursula Şokemelenin sözlərinə görə, artıq Kolumbiya və Hondurasda bir neçə banan plantasiyası bağlanıb. O qeyd edib ki, infeksiya kimyəvi maddələrin təsirinə qarşı davamlıdır.
TR4 infeksiyası daha çox bananın dünya ixracatının 95 faizini təşkil edən "Cavendish" sortunu zədələyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, torpağın kiçik bir hissəsinin zədələnməsi belə, infeksiyanın geniş yayılmasına səbəb ola bilər. Bundan başqa, mütəxəssislər bitkilərdə eyni genlərin bir-birinə keçməsi səbəbindən xəstəliyin sürətlə yayıldığını bildiriblər.
Alimlərin fikrincə, təbiətdə "Cavendish" sortu qədər məhsuldar banan növü mövcud deyil. Eyni zamanda, Asiya, Afrika və Amerikada bu meyvənin kartof və düyü kimi insanların gündəlik qida rasionuna daxil olduğu vurğulanıb.
"Əgər nəzərə alsaq ki, dünya əhalisinin sayı 7 milyard nəfərdir, deməli, inkişaf etməkdə olan ölkələrin əhalisinin qidaya olan tələbatının artması banan istehsalının çoxalmasına səbəb olub", – deyə BMT-nin istehsal və kənd təsərrüfatı üzrə təşkilatından bəyan ediblər.
Beləliklə, çox keçmədən bəşəriyyət yalnız dadlı meyvədən deyil, həm də vacib qida məhsulundan məhrum ola bilər./Sputnik