Xəzər Xəbər

Tramp bir trilyon dollarlıq müdafiə büdcəsini elan edib

İqtisadiyyat | 13:13 • 8 Aprel 2025
Tramp bir trilyon dollarlıq müdafiə büdcəsini elan edib

ABŞ Prezidenti Donald Trampın administrasiyası ümumilikdə təxminən bir trilyon dollarlıq müdafiə büdcəsi hazırlayıb.

Xezerxeber.az xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə deyib.

“Biz faktiki olaraq bir trilyon dollarlıq büdcəni təsdiqləmişik. İndiyədək belə bir şey olmayıb. Biz güclü olmalıyıq. Hazırda ətrafımızda çoxlu pis qüvvələr var, ona görə də büdcəni təsdiq edəcəyik. Mən orduya ən böyük büdcə ayırdığımıza görə fəxr edirəm”, - deyə Donald Tramp Yəməndə husi üsyançılarına qarşı əməliyyatı müzakirə edərkən bildirib.

İclasda iştirak edən Pentaqonun rəhbəri Pit Heqset prezidentin yeni büdcə ilə bağlı dediklərini əvvəlcə şərh etməyib. Daha sonra isə özünün sosial media hesabında belə yazıb: “Tezliklə: Müdafiə Nazirliyi üçün ilk dəfə bir trilyon dollarlıq büdcə. Prezident Donald Tramp ordumuzu yenidən və sürətlə qurur”.

Tramp və Heqsetin hərbi büdcə ilə bağlı açıqlamaları sürpriz olub. Çünki layihənin mayın sonunadək təqdim olunacağı gözlənilmirdi.

Qeyd edək ki, ABŞ-nin 2024-cü il üçün müdafiə büdcəsi 841 milyard dollar olub.

Xəbər lenti