Hazırda dünya neft bazarında vəziyyət son dərəcə qeyri-sabit və gərgindir. Bu, ABŞ-ın dünyanın əksər ölkələrinə tariflər tətbiq etməsi qərarı ilə bağlıdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bu, büdcəmizi doldurmaq üçün çox vacib olan göstəricidir. Biz hazırda son dərəcə təlatümlü, gərgin və emosional olaraq xarakterizə olunan vəziyyəti çox diqqətlə izləyirik”, -deyə Kremlin sözçüsü brifinqdə vurğulayıb.
D.Peskov əlavə edib ki, Rusiya hakimiyyəti iqtisadiyyat üçün mənfi nəticələri minimuma endirmək üzrə bütün tədbirləri görür.
Kremlin nümayəndəsi İranla nüvə məsələlərində qarşılıqlı fəaliyyət mövzusuna da toxunub. Rusiyanın İran və Çin nümayəndələri ilə gözlənilən təmasları ilə bağlı sualı cavablandıran D.Peskov Rusiya Xarici İşlər Nazirliyinə məsələyə aydınlıq gətirməyi tövsiyə edib, Moskvanın iranlı tərəfdaşları ilə daimi əlaqə saxladığını və bu məsələ ilə bağlı məsləhətləşmələri davam etdirəcəyini vurğulayıb.