Xəzər Xəbər

Bu il dünyada kömürə tələbat rekord həddə çatıb

İqtisadiyyat | 16:00
Bu il dünyada kömürə tələbat rekord həddə çatıb

Bütün dünyada kömürə qlobal tələbat 2024-cü ildə rekord həddə yüksəlib. Kömürün əsas istehlakçıları Çin və Hindistan olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında deyilir.

“Dünyada kömürə tələbatın 2024-cü ildə 1 faiz artaraq rekord həddə - 8,77 milyard tona çatacağı gözlənilir. İl ərzində sənaye istehlakında tədarükün artdığı qeydə alınsa da, bu göstəricidə enerji sektoru əsas paya sahib olub”, - deyə sənəddə bildirilir.

Agentliyin məlumatına görə, Çin əvvəlki illərdə olduğu kimi, kömürün əsas istehlakçısı olaraq qalır. Cari ildə bu göstərici 1 faiz artaraq 4,9 milyard tona çatacaq. Pekinin atom elektrik stansiyaları, həmçinin külək və günəş stansiyaları hesabına enerji sektorunun şaxələndirilməsi siyasətinə baxmayaraq, Çində elektrik enerjisinə tələbat sürətlə artmaqdadır.

Hindistan isə 1,3 milyard ton (5 faizlik artım) kömür istehlak edərək siyahıda ikinci yerdə qərarlaşıb. Avropa İttifaqı və ABŞ-da kömürə tələbat müvafiq olaraq 12 faiz (312 milyon ton) və 5 faiz (368 milyon ton) azalıb.

Ekspertlərin proqnozuna görə, dünyada kömürə tələbat yaxın üç ildə pik həddə çataraq 2027-ci ilədək təxminən 8,87 milyard ton təşkil edəcək.

Eyni zamanda, bu il kömür hasilatının ilk dəfə olaraq 9 milyard tonu keçərək bütün zamanların ən yüksək həddinə çatacağı gözlənilir. Cari ildə ən böyük istehsalçılar Çin, Hindistan və İndoneziya olacaq.

Xəbər lenti

Çox oxunanlar