Xəzər Xəbər

“OPEC+” alyansına daxil olan 8 ölkə neft hasilatının azaldılması müddətini uzadıb

İqtisadiyyat | 13:12 • 4 Noyabr 2024
“OPEC+” alyansına daxil olan 8 ölkə neft hasilatının azaldılması müddətini uzadıb

“OPEC+” alyansının səkkiz üzv ölkəsi bazar günü, noyabrın 3-də könüllü olaraq hasilatın azaldılmasını daha bir ay uzadacaqlarını elan edib. Onlar neft qiymətlərinin aşağı düşməsi tendensiyasına cavab olaraq bildiriblər ki, dekabrın sonuna qədər bu ixtisarlar davam edəcək.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, “OPEC+” alyansına Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri daxildir. Bu ixtisarlarda iştirak edən səkkiz ölkə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandır.

OPEC-in bəyanatında bu ölkələrin 2023-cü ilin noyabrında gündəlik 2,2 milyon barel könüllü hasilat düzəlişlərini bir ay müddətinə - 2024-cü ilin dekabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəldikləri bildirilib. Səkkiz ölkə, həmçinin istehsal hədəflərində “tam uyğunluğa nail olmaq” və 2025-ci ilin sentyabrına qədər hər hansı artıq hasilatı kompensasiya etmək öhdəliyini təkrarlayıb.

Xam neftə qlobal tələbin azalması ilə bağlı narahatlıqlar fonunda son həftələrdə “qara qızıl”ın qiymətləri aşağıya doğru tendensiya nümayiş etdirib.

Xəbər lenti