Xəzər Xəbər

Qızılın qiyməti rekord səviyyəyə çatıb

İqtisadiyyat | 17:27 • 30 Oktyabr 2024
Qızılın qiyməti rekord səviyyəyə çatıb

Qızıl bahalaşmaqda davam edir. Bu qiymətli metalın qiyməti çərşənbə günü, oktyabrın 30-da bir unsiya üçün 2800 dollar həddini keçib və yeni rekord vurub.

Xezerxeber.az “Comex” birjasına istinadla xəbər verir ki, Avstraliyanın “Commonwealth Bank”ının (AMB) analitiki Vivek Dharın sözlərinə görə, qızılın qiymətinin artması ABŞ-da prezident seçkiləri ilə bağlı qeyri-müəyyənlik fonunda ən etibarlı aktivlərə tələbin ümumi artımı ilə bağlıdır.

Dekabr ayı qızıl fyuçerslərinin dəyəri 0,6 faiz artaraq 1 troya unsiyası üçün 2 797,6 dollar təşkil edib. Bu, əvvəlki sessiyanın yekunu ilə müqayisədə yüksəkdir. Bundan əvvəlki ticarət zamanı qiymətli metalın qiyməti bir unsiya üçün 2801,7 dollara qalxıb.

AMB-nin icmalında deyilir ki, Donald Trampın ABŞ prezidentliyinə qayıtması ehtimalının artması təhlükəsiz aktivlərə olan tələbi dəstəkləyir, çünki onun seçkilərdə qələbəsi Vaşinqton siyasətində dəyişiklik, geosiyasi gərginliyin artması və ölkənin artan borc yükü ilə nəticələnə bilər.

Bank ekspertləri 2024-cü ilin dördüncü rübündə qızılın orta qiymətinin bir unsiya üçün 2800 dollar, 2025-ci ilin dördüncü rübündə isə bir unsiya üçün 3000 dollar olacağını gözləyirlər.

Ümumdünya Qızıl Şurasının (WGC) hesablamalarına görə, birjadankənar (OTC) əməliyyatlar nəzərə alınmadan qızıla qlobal tələb 2024-cü ilin üçüncü rübündə 1176,5 ton təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə təxminən eynidir. Bununla yanaşı, OTC nəzərə alınmaqla, qızıl istehlakı üçüncü rübdə rekord həddə çatıb.

Dəyər baxımından qiymətli metalın istehlakı 35 faiz artıb, həmçinin illik əsasda və ilk dəfə olaraq 100 milyard dolları keçib.

Xəbər lenti