Xəzər Xəbər

Rusiyanın Azərbaycan məhsullarını sərhəddən geri qaytarması məsələsi parlamentdə qaldırılıb

İqtisadiyyat | 12:01 • 29 Oktyabr 2024
Rusiyanın Azərbaycan məhsullarını sərhəddən geri qaytarması məsələsi parlamentdə qaldırılıb

Azərbaycandan Rusiyaya göndərilən məhsullara bəzi hallarda müsbət rəy verilmir.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin oktyabrın 29-da keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi layihəsinin müzakirəsi zamanı deyib.

Musa Quliyevin sözlərinə görə, Rusiya və Azərbaycanın fitosanitariya xidmətlərinin fikir ayrılığı yarananda bu məsələnin necə tənzimlənəcəyi sazişdə əksini tapmayıb.

O qeyd edib ki, bəzi hallarda iki ölkənin aidiyyəti qurumları arasında bu məsələdə fikir ayrılığı yaranır: “Məhsulu burada yoxlayıb göndəriblər, amma Rusiyada aidiyyəti orqan da bu məhsulu yenidən yoxlayıb, ancaq rəy verməyib. Bu hallar daha əvvəl də olub. Kənd təsərrüfatı məhsulları daha çox Azərbaycandan Rusiyaya gedir. Rusiyadan əsasən taxıl, kartof gəlir. Amma yaş məhsullar daha çox bizdən gedir. Azərbaycan malları dəfələrlə sərhəddə qalıb, gözlədilib. Belə hadisələrdə ən çox əziyyət çəkən sahibkarlar olur. Əgər iki ölkənin qurumu arasında bu cür fikir ayrılığı yaranırsa, məsələ necə həll ediləcək?".

M.Quliyev hesab edir ki, bəzi hallarda bu kimi məqamlar iki ölkə arasında münasibətlərə də təsir edə bilir: "Ona görə layihədə bununla əlaqədar məsələ olmalıdır”.

 

Xəbər lenti

Çox oxunanlar