Azərbaycanda kredit kartlarından istifadə hallarında artım müşahidə edilir. Banklar tərəfindən təklif edilən kartlar vasitəsilə vətəndaşlar nağdlaşdırma, ödənişlər etmək və s. kimi imkanlara sahib olur. Lakin hər bank tərəfindən kartdan xərclənən məbləğin geri qaytarılması üçün müəyyən güzəşt müddəti olur. Bəzi hallarda vətəndaş bu güzəşt müddətini keçir və borcu artır.
Bəs bu kimi halların qarşısının alınması üçün kredit kartlarının verilməsində dəyişiklik ola bilərmi?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, bütövlükdə kredit kartlarından vətəndaşlarımızın istifadə etməsi və şərtlərinin daha da yüngüləşdirməsi müzakirə edilən məsələlərdəndir.
"Burada, əslində, çox vacib məsələlərdən biri kredit şərtlərinin, kredit kartları üzrə əlçatanlığın artırılması, yəni vətəndaşlarımızın daha asan şəkildə kredit kartlarına sahib olmaq imkanının yaradılması, eyni zamanda, şərtlərin yüngülləşdirilməsidir.
Çünki apardığımız monitorinqlər göstərir ki, bəzi banklarda kredit kartları təklif olunur, əlçatanlıq var, sonradan müəyyən vəsait ayrılır, həmin vəsait xərcləndikdən sonra vətəndaş o vəsaiti qaytaranda yubanırsa, kifayət qədər yüksək cərimələr hesablanır. Hətta bir neçə gün ərzində hesablanmış cərimənin məbləği ciddi rəqəmlərlə ifadə olunur.
Bu baxımdan, şərtlərin yüngülləşdirilməsi, xüsusən hesablanmış və ya müqavilədə əks olunan cərimə məbləğlərinin aşağı göstərilməsi, bu istiqamətdə fəaliyyətin genişləndirməsinə ehtiyac var.
Bütövlükdə kredit kartlarına əlçatanlığın artırılması prioritetdir, çünki bu, nağdsız ödənişlərinin dəstəklənməsi baxımından vacibdir. Bütün bunlarla yanaşı, bizim təklifimiz kredit kartları üzrə şərtlərin asanlaşdırması və xüsusən kartlara tətbiq edilən cərimələrin azaldılması, bununla da vətəndaşlarımızın kredit kartlarından daha səmərəli şəkildə istifadəsinə nail olmaqdan ibarətdir", - deyə o bildirib. (trend)