ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində şirkət Xəzərdənkənar fəaliyyətinin genişləndirilməsi məqsədilə sayca ikinci “Handysize” tipli quru yük gəmisinin alqı-satqı işlərini başa çatdırıb.
ASCO-dan Xezerxeber.az-a bildirilib ki, gəminin alınması layihəsi üzrə maliyyələşmə ASCO-nun dövriyyəyə buraxdığı istiqrazlardan əldə olunan vəsait hesabına həyata keçirilib.
Yeni alınan “Handysize” Prezident İlham Əliyevin tapşırığına əsasən “Murovdağ” adlandırılacaq.
Bu quru yük gəmisi də cari ilin mayında istismara qəbul edilən ilk “Handysize” tipli “Xocalı” gəmisi kimi təxminən 38 min ton dedveytə (yükgötürmə imkanına) malikdir. Uzunluğu 179,9, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına şərait yaradır.
Ekoloji baxımdan beynəlxalq standartlara cavab verən, yanacaq sərfiyyatında qənaətə malik olan, yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilən bu gəmi 2020-ci ildə Yaponiyada inşa olunub. Məhdudiyyətsiz üzmə imkanlarına malik gəminin ilk səfəri Çindən Ekvadora, oradan isə Kolumbiyaya olacaq. Onun dekabrda təyinat limanına çatması gözlənilir.