Xəzər Xəbər

Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib

İqtisadiyyat | 11:10 • 8 Oktyabr 2024
Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib

Azərbaycanda halal sertifikatlaşdırma prosesinin hansı formada həyata keçiriləcəyi müəyyənləşdirilib. Sertifikatlaşdırma prosesi dörd kateqoriya üzrə aparılacaq. Bu kateqoriyalar iri və xırdabuynuzlu heyvanların, quşların kəsimi, süd və süd məhsulları, eyni zamanda emal edilmiş məhsullar üzrə təşkil ediləcək.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB Forum) rəsmi açılış mərasimində çıxış edərkən deyib.

AQTA sədri həmçinin qeyd edib ki, halal sertifikatlaşdırma üçün müraciət prosesinin asanlaşdırılması məqsədilə artıq müvafiq işlərə başlanılıb:

"İnnovativ həllərin tətbiq olunması ilə qida subyektlərinin daha asan və əlçatan formada müraciət etməsinə şərait yaradılacaq. Halal sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr də formalaşdırılıb. Komitələrin tərkibi Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri və müəllim heyəti, müstəqil ekspertlər və Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarətdir.

Akkreditasiya tədbirləri çərçivəsində ilkin olaraq müəssisələrdən birində müvafiq standart üzrə sertifikatlaşdırma prosesi ilə bağlı audit həyata keçirilib. Müvafiq standarta uyğun olaraq, müəssisədə halal kəsim qaydalarının, qida təhlükəsizliyi və halal standartları üzrə tələblərin yerinə yetirilməsi səviyyəsi və uyğunluğu qiymətləndirilib", - deyə AQTA sədri vurğulayıb.

Xəbər lenti