İşğaldan azad edilmiş ərazilərə bu günə qədər 17,5 milyard manata yaxın vəsait xərclənib.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu ilin sonuna qədər bu rəqəmin 19 milyard manata çatdırılması nəzərdə tutulur.
“Bu, icraçı təşkilatların işindən asılı olacaq. Prinsip etibarilə işlər gedir. Dövlət büdcəsindən vəsaitlər ayrılır. Böyük Qayıdış ölkəmizin böyük xərc pioritetlərindən biridir. Bu istiqamətdə tədbirlər görülür”, - deyə o qeyd edib.
Qeyd edək ki, Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib ki, 2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq məqsədləri üçün 17,5 mlrd. manata yaxın vəsait ayrılıb.
O qeyd edib ki, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.
Maliyyə Nazirliyinin açıqladığı hesabata əsasən isə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 4 milyard manatı və yaxud 10,1 %-i işğaldan azad olunuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək. Məlumata görə, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17,6 % azdır.