Xəzər Xəbər

Azərbaycandan Avropaya qaz ixracı artıb

İqtisadiyyat | 10:45 • 9 Avqust 2024
Azərbaycandan Avropaya qaz ixracı artıb

Yeddi ay ərzində ölkədə təbii qaz hasilatı 5 faiz artaraq təxminən 29,5 milyard kubmetr olub.

Xezerxeber.az Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, qazın 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən (AÇG), 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri Abşerondan, 4,4 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1,3 milyard kubmetr artım qeydə alınıb.

Hesabat dövründə xaricə qaz satışı təxminən 14,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 5,7 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,8 milyard kubmetr, Avropaya təqribən 7,5 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Digər ölkələrə qaz satışı sabit qalsa da, Avropaya ixrac olunan qazın həcmi 13,6 faiz artıb. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,3 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən avqustun 1-dək 641,4 milyon ton neft (kondensatla birlikdə), 449,5 milyard kubmetr qaz hasil edilib. AÇG-dən 594,4 milyon ton neft, 224 milyard kubmetr qaz hasil olunub. “Şahdəniz”dən isə 225,5 milyard kubmetr qaz, 47 milyon tona yaxın kondensat hasil edilib. Bu yataqlardan indiyə kimi təqribən 639,5 milyon ton neft (kondensatla birlikdə), təxminən 160,7 milyard kubmetrə yaxın qaz ixrac edilib.

Xəbər lenti