Ölkəmizdə tikinti sektorunda ciddi islahatlar aparılır. Bu sektorda həyata keçirilən tədbirlər şəhərlərimizin simasını formalaşdırmaqla yanaşı, insanların rifahına, yeni iş yerlərinin yaradılmasina xidmət edir.
Xezerxeber.az xəbər verir ki, bunu “Biznesin yerləşdiyi yer (tikintiyə icazələrin verilməsi) indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol xəritəsi və cari dövr ərzində görülmüş işlərə dair təqdimat” mövzusuna həsr edilən iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
Onun sözlərinə görə, bu səbəbdən tikinti sektorunda baş verən hər bir dəyişiklik ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır.
“2018-ci ildən bu sahədə ciddi nailiyyətlər əldə edilib. Tikintiyə icazələrin asanlaşması, şəffaflığın təmin edilməsi və bir pəncərə prinsipi üzrə işlərin davam etdirilməsi bunun əyani göstəricisidir. 2019-cu ildə elektron tikinti portalının istifadəyə verilməsi bu sektorda əsaslı dəyişikliyə səbəb olub. Qarabağ və Şərqi Zəngəzurda da görülən işlər tikinti portalı üzrə həyata keçirilir”, - deyə N.Hümmətov qeyd edib.