“Facebook” sosial şəbəkəsinin sahibi "Meta" qrupu son rübdə illik ifadədə 22 faiz çox - 39 milyard dollar gəlir əldə edib. Kompaniyanın mənfəəti isə 73 faiz artaraq təxminən 13,5 milyard dollara çatıb. Bu isə həftədə bir milyard dollardan çox qazanc deməkdir.
Xezerxeber.az xəbər verir ki, "Meta" kompaniyasının qurucusu Mark Sukerberq gəlirin əhəmiyyətli hissəsini süni intellektin inkişafına yönəltmək istəyir.
Kompaniya ötən rübdə xərclərini yeddi faiz artaraq 24,22 milyard dollara çatdırıb. "Meta" cari ildə müxtəlif yatırımlara 37-40 milyard dollar yatırmağı planlaşdırır. Təkcə hazırkı versiyadan təxminən on dəfə çox hesablama gücünə malik olacaq “Llama-4” adlı növbəti daxili süni intellekt modelinin hazırlanmasına milyardlarla dollar vəsait lazımdır.
Kompaniyanın maliyyə direktoru Susan Li yeni süni intellektin fərdi istifadəçilər üçün video seçimini daha yaxşı fərdiləşdirmək üçün də istifadə edilə biləcəyini vurğulayaraq bunun, məsələn, “TikTok” video platforması ilə rəqabətə kömək edəcəyini bildirib.