Çinin pul vahidi olan yuan avronu geridə qoyub və hazırda dünya maliyyə sistemində dövriyyədə olan ikinci əsas valyutaya çevrilib.
Xezerxeber.az xəbər verir ki, Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) məlumatına görə, iyunda yuanın bazar payı may ayındakı 5,08 faizdən 5,99 faizə çatıb.
Avro bazarının payı isə 5,92 faiz təşkil edib.
Bu, maliyyə əməliyyatlarında yuanın avronu üstələməsi üzrə ilk hal deyil. SWIFT-in məlumatları göstərir ki, belə hal sonuncu dəfə 2023-cü ilin noyabrında baş verib.
Qlobal valyuta dövriyyəsi üzrə ən böyük bazar payını hələ də ABŞ dolları tutur. Onun payı 80 faizdən çoxdur.
Dünya ticarətində ödənişlərin hesablanması zamanı məlum olub ki, yuan hazırda ən çox istifadə edilən dördüncü valyutadır. Çini pul vahidi artıq səkkizinci aydır ki, bu mövqeyi tutur.
SWIFT bildirir ki, hazırda qlobal ödənişlərdə ən çox istifadə edilən valyutalar ABŞ dolları, avro, funt sterlinq, yuan və yendir. ABŞ dollarının bazar payı demək olar ki, 60 faizdir.
Son on ildə Çin valyuta ilə transsərhəd ödənişləri üzrə maliyyə infrastrukturu qurmağa çalışdığı üçün özünün pul vahidini fəal şəkildə beynəlmiləlləşdirib. Məsələn, bu ölkə xarici bazarlarda yuanla ödəniş bankları yaradıb, həmçinin Transsərhəd Banklararası Ödəniş Sistemini (CIPS) genişləndirir.
Rusiya və Braziliya da son illərdə ABŞ dolları qıtlığı fonunda yuandan istifadəni artırıb. Ötən il Çin Argentina ilə valyuta mübadiləsi sazişi imzalayıb.