İyulun 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında qurumun Yüksək Səviyyəli Siyasi Forumu keçirilib.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə 4-cü Könüllü Milli Hesabatını təqdim edib. Hesabatda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq istiqamətində Azərbaycan Hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər, əldə olunmuş uğurlar, o cümlədən DİM-ə investisiyaların cəlb olunması mexanizmi, işğaldan azad olunmuş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda dayanıqlı və inklüziv inkişaf sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məlumat öz əksini tapıb. Sahib Məmmədov bildirib ki, Azərbaycan ərazisi dünyada ən çox minadan çirklənmiş 5 ölkə sırasındadır: “Minalar işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası prosesinə mane törətməklə yanaşı Azərbaycan vətəndaşlarının mina qurbanına çevrilməsinə səbəb olur. Bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə 18-ci DİM irəli sürülüb və tərəfimizdən bu təşəbbüsün reallaşdırılması üçün 18-ci dayanıqlı inkişaf məqsədinin layihəsi hazırlanaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. 4-cü Könüllü Milli Hesabatda 18-ci DİM-in mahiyyəti və məqsədi ətraflı izah olunub”.
Sahib Məmmədov deyib ki, hesabat 2030-cu il gündəliyində göstərilmiş DİM-in icrası ilə bağlı yerli və qlobal çağırışların yumşaldılması istiqamətində vacib fəaliyyət planı təqdim edilir.
Nazir müavini əlavə edib ki, Azərbaycanın DİM ilə bağlı qətiyyətli öhdəliyi “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində göstərilmiş milli inkişaf gündəliyinə daxil edilib. Qeyd olunub ki, DİM-ə uyğun olaraq son 10 ildə Azərbaycanda dayanıqlı artım müşahidə olunub, minimum əmək haqqı 3 dəfə, orta aylıq gəlirlər 2 dəfə və minimum təqaüd 2,4 dəfə artıb.
Bildirilib ki, ekoloji davamlılıq Azərbaycanın inkişaf siyasətinin əsas hissələrindən birini təşkil edir və enerji keçidi Azərbaycanın yaşıl iqtisadiyyata keçid gündəliyində mərkəzi mövqedə durur. “Azərbaycanın hədəfi 2026-ci ilə kimi elektrik enerjisi istehsalı sahəsində bərpa olunan enerjinin payını 24 faizə çatdırmaqdır. Bu rəqəmin 2030-ci ilə kimi 30 faiz olması planlaşdırılır. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə əsasən Azərbaycan istixana effekti yaradan qaz emissiyalarının həcmini 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bununla yanaşı biz Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiya zonasına çevirməyi hədəfləmişik. Azərbaycan bu il COP29 tədbirinə ev sahibliyi edəcək. Bu baxımdan nəzərəçarpan nəticələrə nail olmaq üçün qlobal dialoqun və əməkdaşlığın asanlaşdırılmasındakı rolumuzu həlledici hesab edirik”,- deyə nazir müavini qeyd edib.
O bildirib ki, Azərbaycan dayanıqlı inkişafla bağlı öhdəliklərinə sadiqdir və qlobal tərəfdaşlarla birlikdə çiçəklənən və dayanıqlı gələcək naminə işləməyə hazırdır.
Daha sonra Sahib Məmmədov Yüksək Səviyyəli Siyasi Forum iştirakçılarının Könüllü Milli Hesabatla bağlı suallarını cavablandırıb. (AZƏRTAC)