Xəzər Xəbər

Rusiyadan idxal edilən toxumluq kartofda bakterial çürümə aşkarlanıb

İqtisadiyyat | 17:02 • 9 İyul 2024
Rusiyadan idxal edilən toxumluq kartofda bakterial çürümə aşkarlanıb

"Azərbaycan-Alman Dağ Toxumçuluğu" MMC tərəfindən Rusiya Federasiyasından (istehsalçı “Samara-Solana” QSC) ölkəyə idxal edilmiş ümumi çəkisi 10 min kiloqram olan toxumluq kartof məhsulu partiyasından nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında idxal tələblərinə uyğun olaraq müayinələrə cəlb edilib.

Xezerxeber.az bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, aparılan müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən orqanizm − kartof yumrularında halqavari bakterial çürümə müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, ölkəyə idxal olunan ərzaqlıq kartof məhsulu partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina edilib, sirayətlənmiş məhsul partiyasının fitosanitar təhlükəsizlik qaydalarına əməl edilməklə emala göndərilməsi, ixracatçı ölkəyə geri qaytarılması və ya məhv olunması barədə qərar qəbul edilib.

Qeyd edək ki, kartof yumrularında halqavari bakterial çürümə Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli Qərarına əsasən, Azərbaycan Respublikası ərazisində aşkar edilməyən, karantin tətbiq olunan zərərli orqanizmlərin (A 1 qrupu) siyahısına daxil edilib. Həmin xəstəlik rast gəlindiyi ölkələrdə təsərrüfatlarda 70 faizə qədər məhsul itkisinə səbəb olur.

Xəbər lenti