Xəzər Xəbər

“Qarabağ” və “Palace” hotelləri bölgədə turizmin inkişafına təkan verəcək

İqtisadiyyat | 15:57 • 9 İyul 2024
“Qarabağ” və “Palace” hotelləri bölgədə turizmin inkişafına

Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Qarabağda geniş turizm potensialı var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün hərtərəfli tədbirlər görülür. İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə açılışı olan “Qarabağ” və “Palace” hotelləri də turizmin inkişafında böyük rol oynayacaq.

Xezerxeber.az xəbər verir ki, “Qarabağ” hoteli ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. Yenidənqurma işlərindən sonra bina ilkin görkəminə qaytarılıb. Hotelin keçmiş adı da qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərir. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edəcək qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var. Binada restoran da fəaliyyət göstərəcək. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

Əsaslı təmir və bərpadan sonra açılışı olan “Palace” hotelində də qonaqların istirahəti və rahatlığı üçün hər cür şərait var. Müxtəlif tipli 54 otağın olduğu hoteldə ən müasir iaşə məkanları yaradılıb. Lobbi, açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, “Şirin Coffee & Bakery”, “Cafe Park-Fast Food” və “Dəfnə” restoranları fəaliyyət göstərəcək. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən “Palace” otelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayacaq.

Xəbər lenti