2024-cü il yanvar 30-da Azərbaycan Reklamçılar İttifaqının İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.
Tədbir çərçivəsində Samir Cəfərov İdarə Heyətinin sədri, Zahid İsmayılov və Sayalı Səfərova isə sədr müavinləri seçiliblər.
Reklam fəaliyyətinin inkişafı məqsədilə reklamçıların konsolidasiyası və qüvvələrin birləşdirilməsi, eləcə də dünyanın beynəlxalq reklam təşkilatları ilə əməkdaşlıq İdarə Heyətinin yeni tərkibinin qarşısında duran böyük planları sırasındadır.
MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası (ASDŞ) yanında Reklam üzrə Koordinasiya Şurasının (RKŞ) bu il mayın 30-31-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçiriləcək növbəti iclasında Azərbaycanı ASDŞ yanında RKŞ-nin Azərbaycan Reklamçılar İttifaqından üzvü – İttifaqın nümayəndəsi və beynəlxalq əlaqələr üzrə koordinatoru Tamilla Nağıyeva təmsil edəcək.
Qeyd edək ki, MDB ölkələrinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurası yanında Reklam üzrə Koordinasiya Şurası 2004-cü ildə Sankt-Peterburq şəhərində yaradılıb. Şuranın tərkibinə reklam sahəsində fəaliyyət göstərən sahibkarların ictimai birliklərinin və antiinhisar qurumlarının nümayəndələri daxil olub. Şuranın yaradılmasında Azərbaycan (ARİ) də fəal iştirak edib. Düşənbədə keçiriləcək iclasda Reklam üzrə Koordinasiya Şurası yubileyini qeyd edəcək.
Bu münasibətlə bütün həmkarlarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!